SƏMƏD SEYİDOV VİCDAN MƏHBUSLARININ BURAXILACAĞINA SÖZ VERDİ
Bu barədə hüquq müdafiəçisi Eynulla Fətullayev məlumat verib
26-01-2012
26 yanvarda Avropa Şurasının hüquq məsələləri ilə bağlı komitəsində Azərbaycanla bağlı dinləmələr keçirilib. “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevin FaktXeber.com-a verdiyi açıqlamaya görə, dinləmələr zamanı Azərbaycandan olan hüquq müdafiçiləri insan haqlarının durumu ilə bağlı çıxış ediblər.
E.Fətullayevin sözlərinə görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı Azərbaycanın Prezident Administrasiyasının vicdan məhbuslarının hamısının azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı tövsiyyələrinin olduğunu qeyd edib. O, daha sonra bildirib ki, bu barədə Avropa Şurasının müvafiq qurumlarına yazılı müraciət olunub.
Hüquq müdafiəçisi E.Fətullayev deyir ki, dinləmələr zamanı “Artikl 19”, “Norveç İnsan Haqları”, “Açıq Cəmiyyət İnstitutu” və rəhbəri olduğu “İnsan Haqları Uğrunda” İctimai Birliyi vicdan məhbusları ilə bağlı beynəlxalq təşkilat qrupuna daxil edilib.
Fətullayev bu gün - yanvarın 27-də Avropa Şurasının Nazirlər Komitəsinin 10 səfiri ilə görüşlər keçirəcək.