SƏFƏR ƏBİYEVİN AZƏRBAYCANDAN ÇIXAMSINA QADAĞA QOYULA BİLƏR
Səfər Əbiyevin xaricə səfərinə qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət olundu
26-01-2012 / 14:21
Bu gün “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi (EIZIB) tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi tərəfindən icrası problemlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
FaktXeber.com "Milaz.info"ya istinadən xəbər verir ki, EİZİB-in sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirdi ki, bu gün ölkədə əsas problemlərdən biri məhkəmə qətnamələrinin icrası ilə bağlıdır. Bu kontekstdə Müdafiə Nazirliyi tərəfindən icra edilməyən məhkəmə qətnamələri xüsusilə diqqət çəkir. Yaşar Cəfərli bildirdi ki, bu günə qədər EİZİB-ə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi tərəfindən icra olunmaması ilə bağlı 30-a yaxın ehtiyatda olan zabitin müraciəti daxil olub. “Məndə olan məlumata görə, bu məsələlərə görə, Müdafiə Nazirliyinin adı Prezident Adminstrasiyasında “qara siyahı”ya salınıb”, - deyə o bildirdi.
Öz başına gələn proseslərdən danışan Y.Cəfərli bildirdi ki, Müdafiə Nazirliyi tərəfindən icra edilməyən 2 məhkəmə qətnaməsi (“İstifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi” və “Döyüş bölgəsində xidmət dövründə əmək haqqının verilməyən hissəsinin (3-cü qat) ödənilməsi”) ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
“Sənədlərim Avropa Məhkəməsində olan zaman 2010-cu ilin dekabrında Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsi vasitəsi ilə mənim tələblərimi qəbul edərək barışıq sazişi imzalamağı təklif etdi. Mən də razılaşdım. Avropa Məhkəməsinə məktub göndərdim ki, məsələnin ölkə daxilində həll olunmasına etiraz etmirəm.
Mənimlə danışıqlar aparılarkən Azərbaycan hökuməti məhkəmə qətnaməsinin 5-6 ay ərzində icra olunacağını öhdəlik kimi üzərinə görtürmüşdü. Amma bu günə qədər Azərbaycan hökuməti tərəfindən üzrəinə götürülən öhdəlik yerinə yetirilmir. Bu səbəbdən mən yeni iddia ilə Avropa Məhkəməsinə müraciət etməyə hazırlaşıram. Artıq bu barədə Prezident Adminstrasiyasına müvafiq müraciət göndərmişəm. Müraciətimin üstündən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq bu günə qədər hər hansı cavab yoxdur”, - deyə o bildirdi.
“Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev bildirdi ki, Müdafiə Nazirliyi EİZİB-ə müraciət etmiş 30-a yaxın zabitin hüququnu tapdalayıb. “Belə olan halda müdafiə nazirinə qarşı niyə ölçü götürülmür? Fikrimcə, ölkə ictimaiyyətinin diqqətini qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi tərəfindən yerinə yetirilməməsi ətrafında yaranan problemə yönəltmək lazımdır”, - deyə o bildirdi.
Y.Cəfərli bildirdi ki, yaxın günlərdə Müdafiə Nazirliyi tərəfindən məhkəmə qətnamələrinin yerinə yetirilməməsi problemi ilə üzləşən zabitlərin geniş siyahısının toplanılmasına başlanılacaq. Bunun ardınca isə ölkə prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına müraciət göndərilməsi planlaşdırılır. Ehtiyatda olan zabitlər eyni zamanda Müdafiə azirliyi qarşısında piket keçirmək versiyasını da nəzərdən keçirirlər.
“Bizim fikrimizcə, əgər hər hansı dövlət strukturu, o cümlədən Müdafiə Nazirliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrin yerinə yetirmirsə, həmin qurumların ləğvi və yenidən formalaşdırılması lazımdır. Eyni zamanda xüsusilə də bu istiqamətdə problemlərin ortaya çıxmasına səbəb olan, öz şəxsi mənfəətlərini güdən müdafiə naziri Səfər Əbiyevə qarşı cinayət işi açılmalıdır”, - deyən Y.Cəfərli bildirdi ki, ehtiyatda olan polkovnik-leytenant Azər Qasımov qanuni qüvvəyə minmiş 2 məhkəmə qətnaməsinin (məzuniyyət kompensasiyasının və əmək haqqının 2-ci qatının ödənilməməsi) Müdafiə Nazirliyi tərəfindən icra olunmaması faktı ilə bağlı müdafiə naziri Səfər Əbiyevin xaricə çıxışına qadağa qoyulması iddiası ilə Səbayel rayon məhkəməsinə müraciət edib. “Yaxın günlərdə mən də eyni iddia ilə məhkəməyə müraciət edəcəyəm”, - deyə o bildirdi.
Qeyd edək ki, yaxın vaxtlarda milaz.info portalında EİZİB-ə müraciət etmiş 30-a yaxın zabitin adlı siyahısı dərc olunacaq. Barələrində hüquqi qüvvəyə minmiş məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi və eyni zamanda digər güc strukturları tərəfindən icra olunmaması problemi ilə üzləşən hərbi qulluqçulardan “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinə müraciət etmələri xahiş olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.