Yanvarın 25-də Avro-Atlantik Şuranın (AAŞ) təşkilatçılığı ilə “Qəbələ RLS: fəsadlar, mənfəətlər, perspektivlər” adlı dəyirmi masa keçirilib. AAŞ sədri Sülhəddin Əkbər Qəbələ RLS-lə bağlı cərəyan edən proseslərin Azərbaycan milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Əgər Azərbaycan tərəfi bu sənədi imzalamasa Rusiyanın Azərbaycanda hərbi-siyasi mövcudluğuna son veriləcək. Amma təəssüf ki, Azərbaycan tərəfinin bu günkü addımları bizə optimist olmağa imkan vermir. Hökumət bu obyektin Rusiyaya icarəyə verilməsinə etiraz etmir. Bu məsələ isə bizi narahat edir. Rusiyanın icarəsində olan Qəbələ RLS-in Azərbaycanda yerləşməsi ölkənin hərbi-siyasi maraqlarına uyğun deyil. Rusiya Ermənistanla sıx hərbi-siyasi-istisadi əlaqələrə malikdir. Xüsusilə də bu iki ölkə arasında 102 saylı hərbi baza, KTMT çərçivəsində və ikitərəfli hərbi müttəfiqlik sazişi mövcuddur. Belə durumda olan bir ölkəyə stansiyanın verilməsi düzgün deyil. Rusiya İrana hərbi müdaxilə vəziyyətini öyrənir və İrana qarşı hərbi müdaxilə olarsa onda əldə olan məlumatlardan görünür ki, Rusiya iki istiqamətdə irəliləyəcək: birincisi, Cənubi Osetiya istiqamətindən Gürcüstanı yararaq Ermənistandakı 102 saylı hərbi baza istiqamətində, ikincisi, Dəryal keçidi vasitəsilə Azərbaycan ərazisi üzrə. Biz İrana hərbi müdaxilə vəziyyətinə hazırlıq görməliyik. Öz milli maraqlarımızı qorumaq üçün əks tədbirlər həyata keçirməliyik.”
“RLS-siz Azərbaycan Hərəkatı” İctimai Birliyinin sədri, AAŞ İdarə Heyətinin üzvü Səxavət Əlisoy Azərbaycan mediasında ekologiya ilə bağlı yazıların azlığından gileyləndi: “Jurnalistlər Qəbələ RLS-in ekologiyaya ziyanı ilə bağlı tək-tük yazılar yazırlar və onların da əksəriyyəti reallığı əks etdirmir. Əksinə cəmiyyətin bu stansiyanın ekologiyaya ziyanı ilə bağlı məlumatlandırılması vacibdir. Ruslar bu stansiyanı tikmək üçün heç bir təhlükəsizlik qaydalarına əməl etməyiblər. 28 ildir ki, yarım milyon əhali təhlükə altında qalıb. Genefond təhlükədədir. RLS-in fəaliyyətində frion qazından istifadə olunması insanlar və ətraf mühit üçün təhlükədir”.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun fikrincə, Qəbələ RLS-ə görə, ödənilən məbləğ çox cüzidir və ümumiyyətlə, müharibə aparan ölkədə belə bir bazanın olması hər bir təxribatın ortaya çıxmasına səbəbə ola bilər: "Qəbələ RLS-in Azərbaycanda olması Rusiyanın burada hərbi-siyasi təsirini saxlamaq məqsədi güdür”.
“Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev bildirdi Qəbələ RLS-dən Azərbaycanın düşməninin xeyrinə, qardaşının isə ziyanına istifadə olunur: “Bu stansiyadan Ermənistana məlumatlar ötürüldüyünə dair məlumatlar var. Eyni zamanda hazırda yaranmış vəziyyətdə RLS-dən Türkiyənin ərazisini izləmək üçün istifadə olunur. Düşmən obyekti bizim qardaşımızın ərazisini izləyir. Biz bütün bunların qarşısını almalıyıq”.
“Zerkalo” qəzetinin əməkdaşı Nicat Məlikov Qəbələ RLS-lə bağlı bəyanatlarda hakimiyyət mənsublarının çıxışlarının qeyri-ardıcıl olduğunu vurğuladı: “Fikrimcə, bu stansiyanı saxlamaqla Rusiya Qərb və NATO istiqamətində mübarizə aparmaq niyyətindədir. Rusiyanın Azrbaycanda olması istər hərbi, istərsə də analitik adı ilə hər hansı mərkəzinin olması ölkəmizin milli təhlükəsizlik maraqlarına uyğun deyil”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səslənən fikirləri dəstəkləyərək təklif irəli sürdü: “RLS-in ekoloji ziyanlarını araşdırmaq üçün vətəndaş cəmiyyətinin monitorinqini təşkil etmək lazımdır. Bunun üçün yollar müəyyən etməliyik”.
Hərbi ekspert Azad İsazadə bildirdi ki, Qəbələ RLS gələcəkdə Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə yol aça bilər: “Bu RLS Rusiyanın mülkiyyəti olarsa, Moskvanın onu qorumaq üçün hərbi addımlar atmasına cəhd edəcəyi şübhəsizdir”.
Sonda dəyirmi masa iştirakçıları tərəfindən Azərbaycanın dövlət başçısına, Milli Məclisə, hökumətə, siyasi partiyalara, QHT-lərə, ziyalılara və bütün Azərbaycan xalqına müraciət edilərək Qəbələ RLS-lə bağlı Azərbaycan və Rusiya arasında aparılan danışıqların dayandırılması, bu stansiyanın ümumiyyətlə ləğv edilməsi istənilib.
Cəfər Talib