Rusiya prezidenti Dmitri Medvedevin Soçi şəhərində “böyük ümidlərlə” təşkil etdiyi Rusiya-Azərbaycan-Ermənistan üçlü Qarabağ danışıqlarında əhəmiyyətli bir qərar verilməyib. Qeyd edək ki, Fransa parlamentinin qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini səs verməyə çıxarandan sonra rəsmi Bakı, Fransanın bundan sonra Qarabağ müzakirələrində vasitəçi ola bilməyəcəyini bildirmişdi. Amma gözlənilənlərin əksəinə olaraq, Azərbaycan tərəfi Fransanın ATƏT-in Minsk qrupundakı vasitəçiliyinə son qoyulmasını da tələb etmədi. Bununla belə Azərbaycan və Ermənistan dövlət başçıları Qarabağ probleminin həlli üçün göstərdikləri səylərə görə Rusiya, ABŞ və Fransaya təşəkkür ediblər.
Məlum görüşü şərh edən Qarabağ Azadlıq Təşkilatı (QAT) sədrinin müavini İlqar Əli dedi ki, Rusiya birbaşa Qarabağ məsələsini öz nəzarəti altında saxlamağa cəhd göstərir: “D.Medvedyev görüşdə bir daha öz mövqeyini bildirərək, münaqişənin yalnız sülh yolu ilə həllinin vacibliyini vurğuladı. Bizim üçün təəssüfləndirici haldır ki, uzun müddət keçməsinə baxmayaraq, münaqişənin hələ də danışıqlar yolu ilə həllində maraqlı olanlar var. Əlbəttə, beynəlxalq təşkilatlar, supergüclər bunda maraqlı ola bilər və maraqlıdır da. Amma əfsuslar olsun ki, ərazilərimizin 20 faizinin işğala məruz qaldığına, 20 ildən artıqdır danışıqların davam etməsinə baxmayaraq, heç bir nəticə əldə olunmadığı halda bu məsələ Azərbaycan hakimiyyəti tərəfindən də dəstəklənir”.
Nəticəsiz danışıqların davam etdirilməsinin yolverilməz olduğunu deyən İlqar bəyin qənaətinə görə, bu prosesin bir həddi olmalıdır: “Hakimiyyət tərəfindən belə bir fikir irəli sürülür ki, əgər danışıqlar aparılırsa, deməli ondan nəticə də gözləmək olar. Belə bir mövqe yanlışdır və başa düşülən deyil. Bir məsələ anlaşılandır ki, Rusiya danışıqları davam etdirməklə problemin həllini uzatmağa çalışır. Xalq diplomatiyasınının yenidən ortaya atılması da buna xidmət edir. Bu məqsədlə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğludan istifadə olunur. Onun vasitəsilə yenə də Qarabağa səfərlər təşkil etmək istəyirlər”.
QAT sədrinin müavini hesab edir ki, bizi münaqişənin həllindən uzaqlaşdıran bu və digər proseslərin dayandırılması ilə bağlı Azərbaycan tərəfindən tələb irəli sürülməlidir: “Belə əhəmiyyətsiz görüş və səfərlərin təşkil olunmasındansa, bir işğalçı dövlət kimi Ermənistana sanksiyaların tətbiq edilməsi üçün cəhd göstərilməlidir. Hazırkı proseslər də, danışıqların davam etdirilməsi də, vaxt da yalnız Ermənistanın xeyrinə işləyir”.
İ.Əliyevin sözlərinə görə, Qarabağda görüşlərin keçirilməsi, səfərlərin təşkil edilməsi məqsədyönlüdür və bizə qarşı təzyiqlərin bir formasıdır. Onun fikrincə, bütün bunlar savaşın əngəllənməsidir, Azərbaycan tərəfini müharibə fikrindən daşındırmaqdır: “Əgər S.Sərkisyan açıq-aşkar vurğulayırsa ki, Qarabağı biz almışıq, Ağrıdağı da gələcək nəsil almalıdır, onda Ermənistanla danışıqların mənası varmı? Əlbəttə, yox”.
İlqar bəy sonda Fransa senatının “erməni soyqırımı”nı inkar edənlərə cəza tətbiq edilməsi ilə bağlı qanunun qəbuluna da toxundu: “Biz Azərbaycan hökumətindən rəsmi bəyanat gözləyirik. Necə ola bilər ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa ermənipərəst mövqeyini ortaya qoyur. Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldığını açıqcasına sübut edən Quba məzarlığı isə bu ölkəni maraqlandırmır. Fransa ilə diplomatik əlaqələrə son qoyulmalı, vasitəçilikdən uzaqlaşdırılmalıdır”.
Emin