"Fransa Minsk qrupundan dərhal çıxarılmalı, rədd edilməlidir"
24-01-2012
QAT-ın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, Qarabağ Azadlıq Təşkilatı Soçi və Parisdə təxminən eyni vaxtda qəbul olunmuş sənədləri türk və islam dünyasına qarşı qərəzli, düşmən mövqeyi kimi, həmçinin Azərbaycan və Türkiyə diplomatiyasının uğursuzluğu kimi dəyərləndirir. Rusiya prezidentinin təşəbbüsü ilə Soçidə baş tutmuş üçtərəfli görüşün nəticəsi olaraq qəbul olunmuş birgə bəyanat Azərbaycanın maraqlarına qətiyyən cavab vermir və Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanılmasına xidmət edir. Bu sənəddəki humanitar əlaqələrin inkişaf etdirilməsinə dair bənd isə heç bir məntiqə sığmır. İşğalçı və terrorçu Ermənistan rejimi ilə, bu uşaq və qadın qatilləri ilə hər hansı humanitar əməkdaşlığa getmək milli maraqlara xəyanətdir.
Fransa Senatının uydurma “erməni soyqırımı”nın inkarına görə cəza verilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməsi heç bir fakta və məntiqə əsaslanmır, açıq-aydın antitürkiyə və antiazərbaycan mövqeyini göstəricisidir. Fransa bu hərəkəti ilə həyasızcasına erməni yalanlarını müdafiə etmiş, ermənipərəst mövqeyini nümayiş etdirmişdir.
Biz bir daha bildiririk ki, bu xoşagəlməz vəziyyət Azərbaycan və Türkiyə diplomatiyasının dişsiz, cəsarətsiz, əsassız güzəştlərə meylli siyasətlərinin nəticəsidir. Türkiyənin məntiqsiz “futbol diplomatiyası”, Ermənistanla sərhədlərin açılması istiqamətində atdığı addımlar, “Həpimiz Hrant Dinkiq” kimi gülünc təşəbbüsləri, Azərbaycanın işğalçı Ermənistan qarşısında daim güzəştlərə getməsi, üzdəniraq “xalq diplomatiyası” oyunlarına şərait yaratması məhz bu cür ağır vəziyyətə gətirib çıxarmalı idi. Biz hesab edirik ki, düşmənə qarşı yumşaq, mənasız loyallıq və tolerantlıq siyasətinə son qoyulmalı, düşmənlə düşmən kimi rəftar edilməlidir:
1. Fransa ilə bütün siyasi, iqtisadi, mədəni, diplomatik əlaqələrə son qoyulmalıdır.
2. Fransa Minsk qrupundan dərhal çıxarılmalı, rədd edilməlidir.
3. İşğalçı Ermənistanla danışıqlar və münasibətlərin normallaşdırılması, hansısa əlaqələrin yaradılması siyasətindən imtina edilməlidir.
4. Azərbaycan ləngimədən torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başlamalı, Türkiyə bu müharibəyə dəstəyini əsirgəməməlidir.