XİN FRANSADA QƏBUL OLUNAN QANUNLA BAĞLI BƏYANAT VERDİ
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatının qəbul etdiyi, "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı bəyanat yayıb
24-01-2012
FaktXeber.com xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası Fransa Senatında 23 yanvar 2012-ci il tarixində “Qanunla tanınmış soyqırımılarının mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinə dərin şəkildə təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir.
Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər.
20-ci əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20% torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə Fransanın obyektivliyini şübhə altına alır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatının bu addımını bir daha qınayır və Fransanı tarixə qərəzsiz nəzər salmağa və bu cür məsələləri siyasi oyuna çevirməməyə çağırır”.