Azərbaycanın hakim partiyası Fransa parlamentinin qəbul etdiyi qanuna sərt reaksiya verib
24-01-2012
FaktXeber.com xəbər verir ki, Fransa parlamenti qondarma "erməni soyqırımı"nı inkar etməyə görə cəza verilməsini nəzərdə tutan qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. Bu barədə mətbuata açıqlamasında hakim YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, bu qanun tək Türkiyəyə qarşı deyil. Onun hədəfində olan bəlkə də daha çox insan haqlarıdır, sərbəst düşünmə tərzidir. Belə bir cəfəng və məsuliyyətsiz qərarın qəbul olunmasına səs verənlərdən və ermənilərdən savayı dünyada kiminsə ona müsbət baxdığına inanmıram. Fransa parlamenti bu qanunu qəbul etməklə özünün müasir tarixinə gec silinən qara ləkə vurmuş oldu. İnsanı nəyəsə inandığına və ya inanmadığına görə ittiham etmək gülüncdür.
YAP-ın sədr müavini bildirib ki, Fransada qəbul olunan bu qanun Azərbaycanın da maraqlarına toxunur.Türkiyəyə qarşı olan hər bir addım ya birbaşa, ya da dolayısı yolla Azərbaycana da qarşıdır. Belə bir cəfəng və hüquqi əsası olmayan qanunun ortaya çıxması Fransanın açıq şəkildə özünü Ermənistanın müdafiəçisi kimi təqdim etməsi deməkdir. Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Minsk qrupunun həmsədri kimi neytral mövqe tutmağa borcludur. Fransanın açıq şəkildə özünü Ermənistanın maraqlarının lobbiçisi kimi aparması onun öz üzərinə götürdüyü vasitəçilik missiyasına xəyanət etməsi deməkdir. Azərbaycanda Minsk qrupuna inam demək olar ki, qalmayıb. Fransanın məlum hərəkətləri bu qrupa onsuz da tükənən etimadı bütövlükdə heçə endirdi. Azərbaycan vətəndaşları ermənipərəstliyini açıq şəkildə nümayiş etdirən həmsədrdən nə gözləyə bilər?! Hesab edirəm ki, Azərbaycan və Türkiyə qardaşlığı bizim böyük sərvətimizdir və mütləq qorunmalıdır. Fransanın Minsk qrupundakı fəaliyyətinə gəldikdə, burada indiyədək mövcud olan tənqidi yanaşmalar, düşünürəm ki, o ölkənin həmsədrlikdən kənarlaşdırılması çağırışları səviyyəsinə qalxacaq.
Qeyd edək ki, dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.