Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev və Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 23-də Soçidə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanat qəbul ediblər.
23-01-2012
FaktXeber.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedyev və Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 23-də Soçidə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanat qəbul ediblər.
Azərtac-ın məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyası prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşüb Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə ediblər.
Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd ediblər. Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə olunub.
Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri sülh sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq, indiyə qədər görülmüş iş hesaba alınmaqla əsas prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildiriblər.
Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirib və ümid etdiklərini bildiriblər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq münaqişənin tənzimlənməsində bundan sonra da regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.
Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş birgə bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə alıb və bu işi davam etdirməyi tapşırıblar.
Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan ediblər”.