Bu gün ADP İdarə Heyətinin nöbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə bu gün Fransa Senatında müzakirə olunacaq qondarma “erməni soyqırımı” məsələsinə və bununla əlaqədar olaraq Türkiyə Böyük Millət Məclisinin bir qrup nümayəndəsinin Bakı səfərinə diqqət çəkərək Azərbaycan hakimiyyətinin bu istiqamətdə atdığı addımları, xüsusilə Fransa səfirinin Xarici İşlər Nazirliyinə dəvət edilməsini və Farnsada keçirilən nümayişlərdə soydaşlarımızın Türkiyə ilə həmrəylik göstərməsini təqdir edib və dövlət rəsmilərini bundan sonrakı dövrlərdə də əməli olaraq Türküyəyə dəstək olnmağa çağırıb.
RF MƏQSƏDİ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİ TƏHDİD ALTINDA SAXLAMAQDIR
İdarə Heyəti üzvləri Rusiyanın guya ABŞ-ın İrana hərbi müdaxilə etmə ehtimalına əsaslanaraq, Azərbaycanın sərhədləri boyunca iri miqyaslı hərbi təlimlərə başlaması faktından narahat olduğunu bildirib. Partiya yetkililəri qeyd edib ki, ABŞ Dövlət Deportamentinin başçısı H.Klintonun ABŞın İrana hər hansı formada hərbi müdaxilə etməyəcəyi barədə verdiyi bəyanat, Rusiyanın keçirdiyi hərbi təlimlərin səbəblərinin həqiqətə uyğun olmadığını göstərir və bu təlimlərin keçirilməsi əslində müstəqillik əldə etmiş Cənubi Qafqaz ölkələrini təhdid altında saxlamağa xidmət edir.
TERRORLA MÜBARİZƏ DÖVLƏTİN ƏSAS MƏSƏLƏSİDİR
İdarə Heyəti üzvləri son vaxtlar qonşu İran tərəfindən Azərbaycanın dövlət saytlarına olan kiber hücumlarından və ölkə ərazisində fəaliyyət göstərən xarici vətəndaşlara qarşı terror törədilməsi faktlarından narahat olduğunu bildirib və MTN-in terror dəstələrinin zərərsizləşdirilməsi istiqamətində atdığı addımları təqdir etməklə hakimiyyəti terrora qarşı mübarizədə fundamental tədbirlər görməyə və bu sahədə beynəlxalq təşkilatlarla birgə və səmərəli əməkdaşlıq etməyə çağlırıb.
İNSAN HAQLARI TƏŞKİLATI REALLIQDIR
İdarə Heyəti üzvləri “Human Rights Watch” və Freedom House beynəlxalq hüquq müdafiəçisi təşkilatlarının son hesabatında Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması ilə bağlı etdiyi açıqlamaların Azərbaycan reallığına tam uyğun olduğunu bildirib və hakimiyyəti ölkənin beynəlxalq nüfuzuna sarsıdıcı zərbə olan hüquq və azdlıqların boğulması siyasətindən əl çəkməyə və siyasi məhbusları dərhal azad etməyə çağırıb.