Facebook şəbəkəsi 2004-cü il fevralın 4-dən fəaliyyətə başlayıb və bu gün dünyada 800 milyondan çox facebook istifadəçisi var. Sosial media statistikası portalı Socialbakers-in hesablamalarına əsasən, Azərbaycan facebook istifadəçilərinin sayına görə 213 ölkə arasında 92-ci yerdədir. Ölkəmizdə son hesablamalara görə 506 min 780-ə yaxın facebook istifadəçisi var. Gündən-günə istifadəçilərin sayı artmaqdadır. Yəni, bu, o deməkdir ki, əhalinin 6,10% facebookdan istifadə edir və bunun da böyük hissəsini gənclər təşkil edir. Bütün bunlar onu göstərir ki, facebook artıq həyatımızın bir hissəsinə çevrilməkdədir. Facebook vasitəsilə insanlar yeni-yeni tanışlıqlar qurur, köhnə, unudulmuş, itirilmiş tanışları tapır, özünə və ya hər kəs üçün maraqlı olan informasiyaların mübadiləsini edir, hisslərini, düşüncələrini eyni anda minlərlə insanla bölüşür. Facebook vasitəsilə özəl şirkətlər, təşkilatlar, hətta dövlət qurumları vətəndaşlarla işləmək imkanını reallaşdırır, öz məhsul və xidmətlərini bu yolla reklam edərək insanlara daha ucuz və çevik yolla çatdırır. Facebook insanların şəxsi məlumatlarının toplandığı yerdir. Lakin son zamanlar facebook hesablarının dağıdılması kimi hallar xoşagəlmız nəticələrə gətirib çıxarır.
Belə hallarla üzləşməmək üçün nələri etmək vacibdir? İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirib ki, facebook hesabını açdıqdan sonra mütləq “Çıxış” yolu ilə hesabdan çıxmaq lazımdır: “Mesaj yolu ilə sizə gələn hər linkə daxil olmayın. Bu yolla siz zərərli saytlara yönlənə bilərsiniz və bununla istifadə etdiyiniz kompyuterə cəsus proqramları yüklənə bilər. Facebook hesabınızın təhlükəsizliyi, hesab ilə əlaqələndirdiyiniz e-poçt ünvanınızın təhlükəsizliyindən asılıdır. Həmin e-poçt ünvanınızı ələ keçirən şəxs asanlıqla facebook hesabınızı da ələ keçirə bilər. Bunun üçün ilk növbədə e-poçt ünvanınızın təhlükəsizliyini gücləndirin. Facebookda qeydiyyatdan keçdiyiniz e-poçt ünvanını gizli saxlayın, dostlarınızın bunu görməsini əngəlləyin, əgər varsa ikici alternativ e-poçt ünvanı əlavə edin. Eyni şifrələrdən (parol) istifədə etməyin. Müəyyən vaxtdan bir şifrənizi dəyişin”. Bundan başqa, ekspert bildirir ki, şifrə doğrulama imkanından istifadə etmək və hər zaman dərhal yada salmaq imkanı asan olan bir sualı seçmək lazımdır: “Çalışın o sualın cavabı yalnız siz biləsiniz. Məsələn, sual olaraq doğulduğunuz il yerinə doğru olan ili yazmayın bunu sizdən başqa bilənlər də var. Təyin etdiyiniz şifrənin mürəkkəbliyinə fikir verin, böyük, kiçik hərflərdən, rəqəmlərdə, işarələrdən istifadə edin. ə, ç, ş, ü, ğ kimi Azərbaycan əlifbasında olan hərflərindən istifadə etsəniz şifrənin təhlükəsizliyini daha da qüvvətləndirərsiniz. Tanımadığınız, şübhəli dostluq təkliflərini qəbul etməyin. Şəxsi məlumatlarınızı hər kəsə açıq vəziyyətdə saxlamayın (Məsələn: harada yaşadığınızı, doğum tarixinizi, oxuduğunuz, işlədiyiniz yeri və s.). Hesab tənzimləmələri (Account Settings) bölməsinə daxil olaraq, təhlükəsizlik (Security Settings) bölümünün daxilində yerləşən Secure Browsing əməliyyatını aktiv hala gətirməyiniz məsləhətdir. Bunları etdiyiniz təqdirdə facebookdan daha güvənli şəkildə istifadə edəcəksiniz”.
Günay Fərhadqızı