Bu barədə Müsavat başqanının müavini Qubad İbadoğlu məlumat verib
20-01-2012 / 12:03
“Müsavat Partiyasının nizamnaməsində ciddi yenilənmə nəzərdə tutulmur”. Divan üzvü Qubad İbadoğlu “Media forum”a belə deyib.
Müsavatçının sözlərinə görə, təkliflər nizamnamə və proqramın təkmilləşdirilməsi, müasirləşdirilməsi, partiyadaxili demokratiyanın inkişaf etdirilməsinə yönəlib: “Nizamnaməyə bəzi əlavələr olacaq. Əlavələr seçkilərin eyni metodologiya əsasında keçirilməsi, nəticələrin eyni prinsiplə qiymətləndirilməsinə yönəlib. Müsavat Məclisinə seçkilər hər zaman problem yaradır. Məclisin tam formalaşması üzvlərin böyük əksəriyyətinin səsini tələb edir. Bu sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflər var.
Müsavat Partiyasının proqramı isə 1998-ci ildə qəbul olunub. Ötən dövrdə Azərbaycanda və dünyada xeyli proses gedib. Bu proseslər proqramda dəyişiklikləri zəruri edir. Müsavat Beynəlxalq Liberal Demokratlar İttifaqının üzvüdür. Partiyanın proqramında liberal dəyərlərin əks etdirilməsi, sənədin Avropa dəyərlərinə uyğunlaşdırılması, tolerantlıq məsələlərinə geniş yer verilməsi vacibdir”.
Eyni şəxsin iki dəfədən artıq başqan seçilməsinə qadağanın ləğvi təkliflərinə gəlincə, Qubad İbadoğlu deyib: “Müsavat Partiyasının nizamnaməsində dəyişikliyə yalnız qurultay qərar verə bilər. Qurultay iştirakçılarının üçdə ikisinin dəstəkləməsi ilə nizamnamədə dəyişikliyə nail olmaq mümkündür. İndidən nəsə demək çətindir”.
Müsavat Partiyası qurultayı mart ayında keçirməyi nəzərdə tutur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.