MƏTBUAT ŞURASINDA QƏZET SATIŞININ PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUB
Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri və yayım firmalarının nümayəndələri ilə görüş keçirilib
18-01-2012 / 18:15
FaktXeber.com xəbər verir ki, yanvarın 18-də Mətbuat Şurasında kütləvi informasiya vasitələrinin təmsilçiləri və yayım firmalarının nümayəndələri ilə görüş keçirilib. Görüşün məqsədi ölkədə mətbu nəşr satışı sahəsindəki vəziyyəti öyrənməkdən, qəzet yayıcısı olan qurumların bu sahədə qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək olub.
Toplantıda şura sədrinin müavini Umud Rəhimoğlu, idarə heyətinin üzvü Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan, “Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev, “Qasid” firmasının təmsilçisi Akif Qurbanov, “Azərmətbuatyayımı” ASC-nin nümayəndəsi İlham Ələsgərov, “525-ci qəzet”in baş direktoru İlqar Tağıyev və digər şəxslər iştirak ediblər.
Görüşdə bildirilib ki, ölkədə qəzet yayımın 25 faizi səyyar satışın payına düşür. Son aylarda mövcud istiqamətdəki çətinliklər bəzi nəşrlərin satış faizini aşağı salıb. Bu da onların maddi-texniki vəziyyətinə mənfi təsir göstərib. Görüş iştirakçıları bildiriblər ki, ümumən qəzet satışı sahəsindəki problem fərdi səciyyə daşımır. Buna görə də səyyar satışla yanaşı ümumən qəzet satışındakı çətinliklərin araşdırılması vacib əhəmiyyət kəsb edir. Toplantıda təklif edilib ki, mövzu ətrafında KİV, mətbuat yayımı firmaları rəhbərlərinin müvafiq qurumların təmsilçiləri ilə görüşünün təşkili daha effektiv olardı. Görüşdə təkliflər səslənib. Şura üzvləri təklifləri ümumiləşdirib qarşıda duran konkret fəaliyyətin tərkib hissəsi kimi dəyərləndirəcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.