Erməni təcavüzkarlarının bu günə qədər həyata keçirdikləri işğalçılıq siyasəti nəticəsində yüzlərlə günahsız azərbaycanlı girov və əsr götürələrək dəhşətli işgəncələrə məruz qalıblar. Hazırda əsrlərlə bağlı durum nə yerdədir? Bu istiqamətdə hər hansı bir irəliləyişlər əldə olunubmu? Mövzu ilə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıma müraciət etdik. Dövlət Komissiyasından əsr və girov düşmüş şəxslərlə bağlı hesabat təqdim etdilər. Həmin hesabatı sizlərə təqdim edirik.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2011-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 24 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 10 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 9 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 3 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 dekabr 2011-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4046 nəfər təşkil etmişdir. Onlardan 3267 nəfər hərbçi, 776 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 248 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (151 nəfər qadın).
Əsir, itkin düşmüş 4046 nəfərdən 878 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Əsir və girovluqdan 1400 nəfər azad edilmişdir. Onlardan 343 nəfər qadın, 1057 nəfər kişidir. Eyni zamanda 175 nəfər uşaq (65 nəfər azyaşlı qız), 289 nəfər yaşlı şəxsdir (112 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.
Prosesdə 10 may 2009-cu il tarixdə Azərbaycan Respublikasının Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgəri - 1990-cı il təvəllüdlü Hacıyev Anar Xanbaba oğlu azad olunaraq Müdafiə Nazirliyinə təhvil verilmiş, 9 may 2009-cu il tarixdə Respublikamızın ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1978-ci il təvəllüdlü Badalyan Artur Qrişayeviç isə ölkəsinə verilmişdir. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir. 22 avqust 2010-cu il tarixdə Daşkəsən rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan hərbçisi, 1985-ci il təvəllüdlü Huseynov Roman Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilmiş, lakin Ermənistan tərəfinin bu sahədə əvvəldən apardığı pozuculuq işləri nəticəsində R.Hüseynov sentyabr ayında üçüncü ölkəyə göndərilmişdir. Araşdırma zamanı 21 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək Dövlət Komissiyasında qeydiyyata alınmış və adları müvafiq siyahıya salınmışdır. 24 itkinin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılmışdır. 24 nəfərdən 9 nəfərinin həlak olduğu, 10 nəfərinin itkin düşmədiyi, 3 nəfərin adının siyahıda təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşməsi faktı müəyyənləşdirilmişdir. 1 dekabr 2011-ci il tarixə olan məlumata görə, 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 23 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilmişdir. Bu faktlar, o cümlədən itkin düşmüş şəxslərlə bağlı aparılmış axtarış-araşdırma tədbirlərinin nəticəsi olaraq 32 şəxs barədə ümumiləşdirilmiş arayışlar tərtib edilmişdir.
Xəyal Şükür