"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəticəsiz bitəcək"
18-01-2012 / 15:34
Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan yanvarın 23-də Soçidə Rusiya rəhbəri Dmitri Medvedevin dəvəti ilə görüşəcəklər. AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev FaktXeber.com-a açıqlamasında bildirib ki, bu görüşdən müsbət nə isə gözləmək mümkün deyil:
"Birincisi hər iki prezident arasında şəxsi zəmində münaqişə baş verib. Ilk öncə onların barışması lazımdır ki, danışıqları davam etdirə bilsinlər. Barışığın özünün kifayət qədər vaxt aparması məndə şübhə doğurmur. Bununla yanaşı, tərəflər arasında qarşılıqlı inam yoxdur. Hətta üç kişi arasında baş verən və gizli qalması planlaşdırılan söhbətlərr belə kənara çıxır. Buna görə də hər kəs ürəyindəkini axıra kimi deməyəcək. Nəticədə, kartlar açılmamış qalacaq.
İkincisi hər iki prezidentin Dmitri Medvedevə inamı yoxdur. Yadımızdadır ki, bundan öncəki görüşlərin ikisindən məlumatı sızdıran elə Rusiya prezidentinin özü olub. Həm də, elə məlumatları ki, bu həm Azərbaycan, həm də Ermənistan prezidentlərinin nüfuzuna ciddi xələl gətirib. Dmitri Medvedev demişdi ki, mən hər iki prezidentə 2008-ci ilin avqust hadislərindən dərs almağı tövsiyyə etmişdim və onlar da razılaşdıqlarını bildirmişdilər. Sonuncu dəfə Rusiya prezidentinin sızdırdığı “utka” iki prezident arasında az qala baş verəcək yumruq davası idi. Məgər belə bir sızdırma və şantajdan sonra prezidentlər açıq və ürəkli danışa bilərmi? Yox! Hər iki prezident, sanki mətbuat önündə və hətta ən xatalısı, öz xalqı qarşısında çıxış edirmiş kimi davaranacaqlar. Kim zəmanət verir ki, sabah danışıqların video və ya audio yazısı açıqlanmayacaq?
Üçüncüsü tərəflər arasında ən vacib məsələ - Dağlıq Qarabağın statusu ilə bağlı yekdil rəy yoxdur. Hətta, antoqonist rəy ən güclü formadadır. Ermənistan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasında israrlıdır və bir addım olsun belə geri çəkilmək fikrində olmadığını vurğulamaqdadır. Azərbaycan prezidenti də bir qarış torpağın Ermənistana verilməyəcəyini və Dağlıq Qarabağın heç vaxt müstəqil ola bilməyəcəyini söyləyir. Belə bir şəraitdə danışıqlardan müsbət nəticə gözləmək olarmı? Əlbəttə, Yox!"
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.