Rəsmi Moskvanın ABŞ-İran müharibəsinə qoşulmağı planlaşdırması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, Rusiyanın İsrail və ya ABŞ-ın İrana mümkün hücumu nəticəsində alovlanacaq münaqişədə iştirakı istisna edilmir. “ABŞ-ın İrana müdaxilə etməsi nəticəsində Rusiyanın ABŞ-a qarşı hər hansı bir hərbi əməliyyat keçirməsi mümkündürmü?”
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev, ABŞ və İran müharibəsinin baş verə biləcəyinə inanmadığını bildirdi: “Çünki bütün hesablamalar göstərir ki, belə bir müharibə olarsa, bu lokal xarakter daşımayaraq bütün regionu və regiondan kənar zonaları əhatə edəcək. Baş verə biləcək müharibə dünyada iqtisadi cəhətdən ciddi böhrana səbəb olaraq dünyada enerji böhranın yaranmasına gətirib çıxaracaq. İran-ABŞ müharibəsinin mümkün olan təsirləri o qədər dəhşətlidir ki, inanmıram buna nə ABŞ, nə də regionda həssas bir mövqedə olan İsrail razılıq versin. ”
Belə bir müharibənin baş verə biləcəyi halda nə Rusiyanın, nə də ki, Çinin kənarda qalmayacağını qeyd edən Mayis bəy, “Rusiya və Çinin iqtisadçılarına, siyasətçilərinə bəllidir ki, İranın ABŞ nəzarətinə keçməsi Çinin və Rusiyanın sonudur”, - deyə bildirdi: “Hazırda Çinin 10%-dən, Hindistanın isə 7%-dən çox enerji tələbatı İran tərəfindən təmin olunur. Eyni halda digər Asiya ölkələrinin enerji təminatı İran tərəfindən verilir. Praktiki olaraq kim enerjiyə nəzarət edirsə bütün dünyada onun nəzarəti altındadır. İran neftinin ABŞ-ın nəzarəti altına keçməsi dünyada olan münasibətlər balansına ciddi şəkildə təsir edə bilər.”
Sonra Mayis Güləliyev müharibə başlana biləcəyi halda Rusiya və Çinin İranı müdafiə etməyə məcbur olacağını qeyd etdi: “Rusiyada hazırda siyasi vəziyyətin gərgin və prezident seçkilərində Putinin seçilmə ehtimalının aşağı olması İran ətrafında baş verən siyasi proseslərə öz təsirini göstərə bilər. Belə ki, Rusiyanın neytral qalması şərti ilə Putinin hakimiyyətə gəlməsinə Qərb ölkələrinin maniyə olmaması, Rusiyanın İranla bağlı mövqeyinə müəyyən qədər təsir göstərə bilər.”
ABŞ-ın İrana müdaxiləsinin geniş şəkildə və bəzi hərbi obyektlərin havadan vurulması ilə də mümkün olduğunu qeyd edən ekspert, belə bir vəziyyətdə Rusiyanın heç bir reaksiya göstərməməsinin mümkün variant kimi qiymətləndirdi: “Belə bir şəraitdə ABŞ müəyyən güzəştlərə gedərək, Rusiya müxalifətini dəstəkləməyəcəyinə dair söz verəcək. Belə bir danışıqlara getmək mümkündür ki, Putinin mövqeyi qorunsun.”
Xəyal Şükür