İsrailin “Məxfi” adlı qəzetində “Amerikalı üçün böyrək” adlı məqalə dərc olunub. Biz bu məqalənin ancaq ölkəmizlə - Azərbaycanla bağlı hissələrini saxlayaraq nəzərinizə çatdırırıq. Hesab edirik ki, məqalə təkcə oxucuların deyil, müxtəlif aidiyyəti orqanların da marağına səbəb olacaq.
“Bəli, deməli indi səni “məşhur 34-lərin” siyahısı və ümumiyyətlə Rusiya mafiyası ilə mübarizə yollarımız maraqlandırır” - polkovnik Azron Qutnik ehtimal ki, məndən canını qurtarmağın yollarını düşünərək tələsmədən ona gətirilən qəhvəni qaşıqla qarışdırırdı:
- Mafiya, mafiya… - o təkrar elədi. Bütün dünya mafiya ilə mübarizə yollarını fikirləşir və əlbəttə ki, birinci növbədə biz. Ancaq görəsən mafiya nədir və hansı cinayətlər etməlisən ki, belə bir ad alasan? Məsələn, İsrailin ən məşhur reanimatoloqu professor Naximovun işi barədə bir söz eşitmisən?
- Hə, o zaman mətbuatda onun haradan gəlməsi məlum olmayan donor orqanların transplantasiyası ilə məşğul olduğu barədə anlaşılmaz məlumatlar getmişdi. Qalmaqal, deyəsən, seçkilərdən dərhal sonra baş vermişdi. Özü də Səhiyyə Nazirliyinin yeni rəhbəri Saxi Xaneqbinin gördüyü birinci iş professoru işdən qovmaq, həmçinin bundan sonra hər hansı bir orqan transplantasiyası ilə bağlı əməliyyatlarda iştirakını qadağan etmək olmuşdu.
- Düzdü! Ancaq məsələ təkcə professor Naximovla əlaqədar olsaydı... - polkovnik stolun üstündəki düyməyə basaraq kommutatora əmr elədi - Xana, zəhmət olmasa professor Naximovun işini gətir.
“Niyə məhz həmin günü ABŞ-a göndərilən tibbi preparatlar olan konteynerləri saxladınız" sualına, “Ben Qurion” aeroprtunun gömrük işçisi çiyinlərini çəkərək təkcə bunu dedi:
- İntuisiya...
O, dəfələrlə anoloji yüklərlə dolu konteynerləri heç bir yoxlama aparmadan buraxıb. Çünki nə tibbi avadanlıqların idxalı ilə məşğul olan firma, nə də bu işlə məşğul olanlar onda heç bir şübhə oyatmayıb. Lakin bu dəfə nədənsə konteynerləri açmağı tələb etdi. Birləşmiş Ştatlara yükün aparılmasına nəzarət edən oğlan xaricən tam soyuqqanlı görünməsinə baxmayaraq, gömrük işinə neçə illərini qurban verən polkovnik onun daxilən gərginləşdiyini hiss eləyir.
- Siz yəqin ki, bilirsiniz, mütəxəssis olmadan bu cür konteynerlərin açılması malların xarab olması ilə nəticələnə bilər. Və bu zərər yüz minlərlə şekelə ölçüləcək - deyə müşayiətçi bildirdi.
- Buna baxmayaraq mən təkid edirəm…
Daha sonra gənc konteynerin dibində olan termoslara bir qədər baxdı, düşündü və nəhayət qərara gələrək birini əlinə aldı:
- Donuz böyrəyidir. Tələbələrin laboratoriya işi üçün nəzərdə tutulub.
- Məgər Birləşmiş Ştatlarda donuz qıtlığıdır? - deyə gömrük işçisi zarafatla kolbanı fırladaraq içindəkinə diqqətlə baxdı. Sonra isə ciddi şəkildə bildirdi: - Mən ekspert rəyi tərtib olunana qədər yükü saxlamaq məcburiyyətindəyəm.
Cavab bir həftədən sonra gəldi: “Böyrək insana aiddir...”
İşlədiyi 20 il müddətində Qutnik “çirkli” işlərin tabelikdə olanlara tapşırmamağı yaxşı öyrənmişdi. Bu dəfə də belə hərəkət etdi. Çünki hər hansı bir gənc müstəntiqi sorğuya göndərsəydi, iş bata bilərdi. Və adətən birinci sorğunun nəticələrindən bütün istintaq asılı olur.
- Hesab edirəm ki, ekspertiza rəyi ilə tanış olmusunuz. Beləliklə siz, donor orqanlarının qanunsuz alverinə görə şübhəli şəxs qisminə daxil olursunuz.
- Mən bunu belə deməzdim, cənab müstəntiq. – “Krio” firmasının rəhbəri professor Fayber cibindən siqaret qutusunu çıxartdı. – Biz qəbul edirik ki, yükümüzün yarısı həqiqətən donor orqanları təşkil edir. Qeyd edim ki, bu, “elmi araşdırmalar üçün nəzərdə tutulan anatomik preparatlar” qisminə daxildir. Əlbəttə, bəlkə də vergilərdən yayınmışıq. Digər tərəfdən, donor orqanları anatomik preparatlar sayılır və həqiqətən də elmi araşdırmalar üçün təyin oluna bilər. Mən belə düşünürəm. Hesab edirəm ki, bu məsələnin cinayət işinə aidiyyəti yoxdur.
- Bizi əsasən donor orqanlarının əldə edərkən nə dərəcədə qanuna riayət olunduğu maraqlandırır. Mənim işim şübhələnməyi tələb edir. Və cənab Fayberq, bu gün mənim şübhələrim o dərəcədə dəhşətlidir ki, heç özüm də inanmaq istəmirəm.
- Dəqiqləşdirə bilərsiniz?
- Əlbəttə, - sərt şəkildə Qutnik davam elədi. – Təkcə Təl-Əviv aeroportunda son bir ildə bir neçə dəfə xəstəxanada yatanların ailələrinin şikayətini dinləmişik. Həkimlər pasiyentlərin orqanlarını donor kimi almaq üçün zorla onların razılıqlarını alır, müqavilə imzalandıqdan dərhal sonra isə xəstəni həyata bağlayan aparatı söndürürlər. Bizə müraciət edənlər özlərində yaranan şübhələrindən danışıblar. Xəstə yaxınlarının sözlərinə görə, həkimlər orqanı almaq istədiklərindən yaralılara lazımi yardımı göstərirmişlər. Biz bu məlumatları yoxlamaq istəsək də, bilirsiniz ki, tibb dünyasında “əl-əli yuyur”. Bütün ekspert rəyləri göstərirdi ki, orqanları alınan xəstələrin hamısı ümidsiz vəziyyətdəymiş. Bu gün sizin firmanın məsələsi aşkara çıxdıqdan sonra, mən yenidən bu məsələyə qayıtmaq istəyirəm.
- Sizin şübhələrinizin nə dərəcədə əsaslı olduğunu deyə bilmərəm. Ancaq hər bir halda bunun bizim firmaya dəxili yoxdur. Bizdə hər şey təmizdir. Ən azı ona görə ki, firmamız ancaq xaricdən aldığı donor orqanların ticarəti ilə məşğul olur. Səbəbi isə sadədir. Məsələn, Hindistanda böyrəyin qiyməti 15 min dollar olduğu halda, ABŞ-da 150 min dollar məbləğindədir.
- Bəs hindistanlıların özlərinin birbaşa bu ticarəti etməmələrinə səbəb nədir?
- Elementar texnologiya qıtlığı. Dünyaca məşhur olan texnologiyalar donor materiallarının üzünömürlüyünü təmin edə bilmir. Dünyanın ən öndə gedən klinikalarında cəmi 2 həftə, maksimum bir ay orqanları qorumaq olur, o ki qaldı, Rusiya, Hindistan, Pakistan səhiyyə ocaqları, bunlardan heç danışmağa dəyməz. Biz isə yeganə dövlətik ki, donor orqanını 1 ildən artıq saxlaya bilirik. Beləliklə, biz orqanı deyil, onun texnologiyasını satırıq. Bundan əmin olmaq üçün isə firmamızın sənədləri ilə tanış olmaq kifayətdir.
- Narahat olmayın. Bununla məşğuluq.
Polkovnikdə müsahibə alan jurnalist Rusiya sözünü eşidərkən, mövzunu bu yöndə davam etməyi lazım bildi:
- Rusiyanın adı çəkildiyi üçün, “Rusiya mafiyası” haqqında danışaq.
Polkovnik qaş-qabağını tökdü:
- Mən dedim axı “mafiyanı” hər şeyə aid etmək olar. Burda isə məsələ beynəlxalq cinayət qruplaşmasından getdiyindən rusiyalı həmkarlarımızla birlikdə hesabat hazırladıq. Kapitan Şternoqols “Krio” firmasının sənədlərini 2 gün araşdırandan sonra öyrəndi ki, donor orqanlar Hindistandan deyil, məhz Rusiyadan, daha dəqiq desək, Zaqafqaziyadan gətirilirmiş. Bizim gömrük xidməti isə sayıqlıq göstərərək, onları tutub.
- Üzr istəyirəm, amma Zaqafqaziya Rusiya deyil.
- Marşrut təqribən belə olub: Yerevan-Moskva, hansı ki, orada orqanlar ilkin konservasiyadan keçirdi və Təl-Əviv.
- Necə olub ki, donor orqanların qaynağı Ermənistandan çıxıb?
- Yadınızdadır, 1988-ci ildə Dağlıq Qarabağda qanlı iğtişaşlar yaşandı. Nəticədə bu, Ermənistanla Azərbaycan arasında müharibəyə çevrildi.
- Hə, əlbəttə...
- Mən bilən, Ermənistan bu müharibəni udub (?). Və məlumdur ki, hər bir müharibədə əsir olur. Ermənistan da minlərlə əsir götürmüşdü. Onların arasında, qadınlar, uşaqlar və gənc, sağlam hərbçilər olub. Ermənilər əvvəlcə onları kənd təsərrüfatında qul kimi istifadə edib. Lakin sonradan kiminsə ağlına gəlib ki, bu əsirlərdən canlı donor kimi istifadə etmək olar. Və əgər bu iş qaydasınca görülsə, heç də qumar və narkomafiyadan az gəlir gətirməz. Lakin bu cür malların saxlanılma texnologiyası yalnız İsraildə mövcuddur. Və əgər düşünsək ki, bu texnologiyanın yaradıcılarından olan doktor Fayberq 70-ci ildən Rusiyaya İsrailə gəlib, sonrakı düyünləri açmaq elə də çətin olmaz.
Qeyd edək ki, təkcə 1992-1996-cı illərdə üç mindən çox donor orqanı «Krio»dan keçib. Hələ bu, məlum olanıdı...
Azərbaycan dilinə çevirdi: Cavad Turan