Razi Nurullayev: "Polis dəyənəyi altında 100 nəfərin icazəsiz aksiya keçirməsi elə də böyük effekt vermir. Ümumxalq mitinqin keçirilməsi üçün isə ciddi bir qərar qəbul edilmir"
18-01-2012 / 09:46
İctimai Palatanın rəhbərliyində kütləvi etiraz aksiyalarına start verilməsi və bu istiqamətdə müzakirələrin başlanması haqqında məlumat yayılıb. Artıq İP-da kütləvi aksiyalar keçirməklə bağlı ümumi razılığın əldə olunduğu bildirilir.
Qeyd edək ki, keçiriləcək növbəti mitinqlərə evləri sökülən, taksi sürücülüyündən məhrum və sosial durumundan narazı olan vətəndaşların da cəlb ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən AXCP-nin sədr müavini Razi Nurullayev, hazırda hər hansı bir mitinqin keçirilməsi ilə bağlı vaxtın müəyyən edilmədiyini bildirdi: “Eyni halda mitinqlərin nə vaxt olacağı da tam olaraq məlum deyil. Əlbəttə ki, mitinqlərin keçirilməsi daima İP-nın gündəmindədir. İP ümumxalq mitinqə o zaman başlamalıdır ki, əhalinin narazı kütləsi İP ilə birlikdə mitinq yerinə gəlsin.”
Aprel ayında mitinqlərin keçirilməsi ilə bağlı hər hansı bir tarixin müəyyən edilməsinin mümkün olduğunu söyləyən Razi Nurullayev, hazırda mitinqin harada keçirilməsi ilə bağlı müzakirələrin aparıldığını bildirdi: “İP tərkibində hazırda müzakirələr aparılır ki, mitinqlər Bakı şəhər İcra Hakimiyyətinin təyin etdiyi yerlərdə keçirilsin, yoxsa sanksiya verilməyən yerlərdə. Bütün bu məsələlər müzakirə olunduqdan sonra yekun qərar qəbul olunacaq.”
Razi bəy bu günə qədər İP-nın dəstəyi ilə gənclər tərəfindən kifayət qədər ciddi tədbirlərin keçirildiyini bildirərək, bunların hamısının təşkilatçılığının İP tərəfindən həyata keçirildiyini qeyd etdi: “Bu tip lokal tədbirlərin keçirilməsi yəqin ki, yaxın zamanda da davamlı olaraq həyata keçirdiləcək. Polis dəyənəyi altında 100 nəfərin icazəsiz aksiya keçirməsi elə də böyük effekt vermir. Ümumxalq mitinqin keçirilməsi üçün isə ciddi bir qərar qəbul edilmir.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.