"SIĞORTA MƏSƏLƏLƏRİNƏ QAZANC YERİ KİMİ BAXANLAR DA VAR"
"Hərbi xidmət vaxtı xəsarət alana 6600 manat, dünyasını dəyişənin ailəsinə isə 11000 manat məbləğində sığorta pulu verilir"
17-01-2012 / 06:51
Ələkbər Məmmədov: "Bəzən sığorta pullarının verilməsində korrupsiya hallarına da rast gəlinir"
Hərbi xidmətdə olan şəxslərin sığortalanması hansı formada həyata keçirilir? Hansı hallarda hərbi xidmət keçmiş şəxslər sığorta pulu ala bilər? Bu işin həyata keçirilməsində hansı problemlər var? Məsələ ilə bağlı Faktxeber.com-un suallarını Azərbaycan Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov cavablandırıb:
"Hərbi xidmətə çağırılmış istənilən şəxs həmin gündən "Sığorta" haqqında qanuna əsasən sığortalanmış sayılır. Hərbi xidmət zamanı şəxsin özündən asılı olmayaraq xəsarət alarsa, yaxud dünyasını dəyişərsə, sığorta verilir. Əgər öz səhlənkarlığı ucbatından xəsarət alarsa, dünyasına dəyişərsə, sığorta pulu verilmir. Xəsarət alana 6600 manat, dünyasını dəyişənin ailəsinə isə 11000 manat məbləğində sığorta pulu verilir. Ölüm halları olanda sığortanı ödəməkdən qaça bilmirlər. Amma xəsarət alanlara bu məbləğin verilməsində ciddi problemlər var. İntihar edənlərə sığorta pulu verilmir. Elə bu səbəbdən də digər ölüm hallarını intihar kimi qeyd edib sığorta pulu vermirlər. Sığorta pulu standart qaydada verilir. Yəni, xəsarətin dərəcəsinə görə, məbləğ az, yaxud çox olmur. Bəzən sığorta pullarının verilməsində korrupsiya hallarına da rast gəlinir. Bu məsələlərə qazanc yeri kimi baxanlar da var".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.