ABŞ AZƏRBAYCANI ÖZÜNÜN MÜTTƏFİQİ HESAB EDİR, AMMA...
Üzeyir Cəfərov: "ABŞ Azərbaycanı özünün müttəfiqi kimi təqdim edir, lakin faktiki olaraq Azərbaycandakı səfirliyi başsız qalıb. Metyu Brayzanın səfir kimi təsdiq olunmaması bir növ ABŞ siyasətindəki boşluqdan xəbər verir"
17-01-2012 / 17:18
Azərbaycan yenidən Rusiya və ABŞ arasında geostrateji çəkişmənin hədəfinə düşüb. Belə ki, Qəbələ RLS-in icarə müddətinin artırılmasına dair Azərbaycanla Rusiya arasında gedən danışıqlar Birləşmiş Ştatların narahatlığına səbəb olub.
ABŞ Rusiyanın Qəbələ RLS-in yerində daha modern stansiya quraşdırmaq planından narahat olaraq iqtidarı sövdələşmədən çəkindirmək üçün hərəkətə keçib. Azərbaycan hazır ki, durumda hansı mövqedən çıxış etməlidir və ya edə bilər? Ümumiyyətlə Azərbaycanın hazırda düşdüyü durumunu nə ilə izah etmək olar?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hərbçi ekspert, ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov, bu məsələdə ABŞ tərəfinin gözlənilmədiyindən də ləng tərpəndiyini bildirdi: “ABŞ bu addımı ilə faktiki öz mövqelərini Rusiyaya bağışlamış oldu. Rusiya tərəfi bu məsələ ilə bağlı Azərbaycanla razılığa gəlib. Artıq razılaşmaya uyğun sənədin ilkin müddəaları razılaşdırılacaq. Bununla bağlı komissiya da təşkil olunub.”
ABŞ narahatçılığın təbii bir hal olduğunu qeyd edən Üzeyir bəy, “ABŞ vaxtında bu məsələ ilə bağlı Rusiya və Azərbaycanla danışıqlar aparmalı idi”, - deyə bildirdi: “ABŞ Azərbaycanı özünün müttəfiqi kimi təqdim edir, lakin faktiki olaraq Azərbaycandakı səfirliyi başsız qalıb. Metyu Brayzanın səfir vəzifəsinin təsdiq olunmaması bir növ ABŞ siyasətindəki boşluqdan xəbər verir.”
Ekspert Qəbələ RLS-lə bağlı Azərbaycanın atdığı addımının ölkənin daxili işi kimi əsaslandıraq, Rusiyanın Azərbaycana qarşı heç vaxt səmimi olmadığını bildirdi: “Rusiya daima işğalçı Ermənistanın yanında olub. Lakin işi düşəndə Azərbaycanı özünə dost və müttəfiq sayır. Eyni halda Azərbaycanın imkanlarından yararlanmaq üçün bütün vasitələrdən istifadə edir.”
ABŞ-ın digər məsələlərdə uzaq görən addımlar atdığını qeyd edən Üzeyir bəy, lakin RLS-lə bağlı danışıqlarda gecikdiyini bildirdi. “Bu Polşada və Çexiyada quraşdırılan RƏM sistemi əlaqədar idi. ABŞ-ın bu RƏM sisteminə başı qarışdığı dövrdə Rusiya bu fürsətdən səmərəli istifadə etdi. ABŞ-ın bu vəziyyətlə barışması lazımdır.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.