MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin noyabr ayından etibarən “Mədəni İrs” seminarlarını ölkəmizin müxtəlif təhsil və mədəniyyət ocaqlarında keçirir. Seminarların keçirilməsində məqsəd vətənimizin qədim tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə və intellektual dairələrə çatdırılmasıdır. Seminarlar mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində tanınmış yerli və xarici mütəxəssislərin iştirakı və məruzəsi ilə keçirilir.
Akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr tarixli Sərəncamına uyğun olaraq onun xatirəsinə həsr edilmiş MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bu qəbildən olan “Orta əsr şəhərlərimiz Səlcuqlar və Atabəylər dövründə” adlı növbəti seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında keçirilib.
FaktXeber.com-un verdiyi məlumata görə, seminarı giriş sözü ilə ADPU-nun elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev açıb. O, akademik Ziya Bünyadovun dahi şəxsiyyət olduğunu, Azərbaycanın dövlətçilik tarixində xüsusi rol oynadığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Professor Vilayət Əliyev Ziya Bünyadovla mənəvi qardaş olduğunu, Yeni Azərbaycan Partiyasının qurulmasında 91-lərin müraciətini birlikdə imzaladıqlarını xatırladıb.
“Tarixdə insanı yaşadan onun uzun yaşaması deyil, əməlidir” – deyən AMEA-nın müxbir üzvü Vəli Əliyev akademik Ziya Bünyadovla bağlı xatirələrini, Azərbaycanın türk tarixinin öyrənilməsində görkəmli alimin əsərlərinin əhəmiyyətini vurğulayıb. O deyib ki, akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” və “Azərbaycan Atabəylər dövləti” əsərləri ümumdünya əhəmiyyətli olub, Azərbaycanın türk-islam mədəniyyətinin öyrənilməsində etibarlı mənbədir.
Professor Qafar Cəbiyev bildirib ki, akademik Ziya Bünyadovun hələ sovet dövründə ermənilərə qarşı başlatdığı informasiya müharibəsi Azərbaycan türklərinin həmin dövrdə haqqının qorunmasına xidmət edirdi. Onun əsərləri Azərbaycan tarixşünaslığında ən səs-küylü, böyük əks-səda doğuran əsərlər hesab olunur. Azərbaycanın Səlcuqlar və Atabəylər dövrü şəhərlərinin öyrənilməsində arxeoloji tədqiqatlarla yanaşı, akademik Ziya Bünyadovun dövriyyəyə gətirdiyi mənbələrin böyük əhəmiyyəti vardır.
Professor Süleyman Məmmədov Ziya Bünyadovun mübariz insan olduğunu, ermənilərin dəfələrlə vəd etdikləri ad və vasitələri necə geri çevirdiyini gənclərin diqqətinə çatdırıb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tarixşünaslıq və mənbəşünaslığımızda böyük irs qoymuş akademik Ziya Bünyadovun xaricdə yaxşı tanınmadığını vurğulayıb, böyük alimin beynəlxalq aləmdə tanıdılmasına ehtiyac olduğunu qeyd edib. 2010-cu ildə Türkiyənin Kayseri şəhərində I Beynəlxalq Səlcuqlu Simpoziumunda iştirak etdiyini xatırladan Fariz Xəlilli həmin simpoziumda internet səsverməsi nəticəsində II Beynəlxalq Səlcuqlu Simpoziumunun keçirilməsi üçün Azərbaycanın seçildiyini xatırladıb. Müxtəlif səviyyələrdə bu məsələ qaldırılsa da, böyük səlcuqlu irsini yaşadan Azərbaycandan hələ heç bir rəsmi müraciət olmayıb. Bu simpoziumun keçirilməsi üçün Naxçıvan şəhərinin mühüm mərkəz olduğunu vurğulayan Fariz Xəlilli Azərbaycanın səlcuqlu irsinin arxeoloji tədqiqat aparılan Beyləqan, Gəncə, Şamaxı, Şabran, Bakı, Şəmkir, Qəbələ, Şəhərgah (Kürdəmir), Bəndovan şəhərlərində də qabarıq şəkildə üzə çıxdığını deyib.
Professor Oqtay Sultanov MİRAS İctimai Birliyinin belə bir seminarın Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsini təklif edəndə rektor, AMEA-nın müxbir üzvü Yusif Məmmədovun bu məsələyə həssas yanaşdığını, tarixçi tələbələrin geniş şəkildə iştirakının təmin olunmasını istədiyini vurğulayıb. Gənc tarixçilərin akademik Ziya Bünyadovu yaxından tanıması və yad etməsi imkanı verən bu seminar Azərbaycanın Səlcuqlu və Atabəylər dövrü tarixi haqqında maraqlı və yeni məlumatları əldə etməsinə də şərait yaradıb. O, MİRAS İctimai Birliyindən gələcəkdə də bu cür təkliflər gözlədiklərini və hər zaman yardım edəcəklərini qeyd edib.
Sonda professor Vilayət Quliyev Fariz Xəlillinin II Beynəlxalq Səlcuqlu Simpoziumu haqqında dediklərinin ciddi məsələ olduğunu, bu məqsədlə seminarda iştirak edən alimlərin adından müraciətin hazırlanmasını və müvafiq qurumlara təqdim olunmasını təklif edib.
Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, elm adamları, KİV təmsilçiləri yaxından iştirak edib.
Nicat