AZƏRBAYCAN HAKİMİYYƏTİNİN ƏMƏLLƏRİ XALQA NİFRƏT ÜZƏRİNDƏ QURULUB
Nürəddin Məmmədli: "Azərbaycan iqtidarının ideoloqları savad, məntiqdən uzaq və əməlləri çirkin, xalqa nifrət üzərində qurulduğuna görə, onların İP ilə bağlı yaydığı məlumatlar cəmiyyət tərəfindən qəbul olunmur"
13-01-2012 / 15:12
İlin əvvəlindən etibarən İP-nın əleyhinə kifayət qədər kampaniyanın başlanmasının şahidi olduq. İlk öncə inanclı kəsimin hüquqlarını müdafiəsi etdiyi üçün bəzi mətbuat nümayəndələri tərəfindən hədəfə alınan İP, ilin əvvəllərindən etibarən keçirdiyi seçkilərə və bir neçə məsələyə görə tənqid olunmağa başlayıb. “İP-nın fəaliyyətinin aktivləşdiyi bir dövrdə ona qarşı başlayan bu kampaniya nə ilə bağlıdır?” Quruma qarşı kampaniya ilə bağlı FaktXeber.com-a açıqlama verən AXCP-nin sədr müavini Nürəddin Məmmədli, bunu İP-nın artan gücü ilə əlaqədar olduğunu bildirdi. “Cəmiyyətdə hər bir kəsin söz demək hüququ var. Nəzərə alsaq ki, Azərbaycan hakimiyyətinin ən böyük baş bəlası İP-dır, belə olan halda hakimiyyət və ona meyilli olan qüvvələrin bizə qarşı apardıqları kampaniya təbiidir. Hazırda hakimiyyətə ən çox qıcıqlandıran məsələlərdən biri İP-nın təşkilatlanması və fəaliyyətində nəzərə çarpan yeniliklərdir. İP ilk dəfə ölkədə cəmiyyətin bütün spektiv qüvvələrini könüllü olaraq bir yerə toplamağı bacardı.”
İP-da ölkənin aparıcı siyasi partiyalarının, ictimaiyyət nümayəndələrinin və ziyalıların təmsil olunduğunu qeyd edən Nürəddin bəy, “İP faktiki olaraq Azərbaycanda olan ictimai hərəkatın modelidir. Digər tərəfdən qurumda idarəçilik sistemi tamamilə demokratik sistem üzrə həyata keçirilir.”, - deyə bildirdi.
“Keçirilən sonuncu seçki onu göstərdi ki, İP tam olaraq demokratik prinsiplərlə idarə olunan bir təşkilatdır. Bu günə qədər sessiyanın qərarı olmadan qurum heç bir addım atmayıb.”
Ölkədə İP-nın nüfuzunun hər gün gücləndiyini qeyd edən Nürəddin Məmmədli, İP-nın beynəlxalq aləmdə və ölkə ictimaiyyətində hakimiyyətə alternativ bir qüvvə kimi qəbul olunduğunu bildirdi.
“Azərbaycan iqtidarının ideoloqları savad, məntiqdən uzaq və əməlləri çirkin və xalqa nifrət üzərində qurulduğuna görə, onların İP ilə bağlı yaydığı məlumatlar cəmiyyət tərəfindən qəbul olunmur. Ona görə də biz fəaliyyətimizi davam etdiririk və uğurlarımıza əminik. Yaxın günlərdə İP-nın bu ilki fəaliyyət proqramı müzakirə olunaraq təsdiqlənəcək. Hesab edirəm ki, 2012-ci il Azərbaycan hakimiyyəti və bütövlükdə xalq üçün qızğın bir tarix kimi yadda qalacaq.”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.