Ələkbər Məmmədov: "Əsgər Elşad Novruzovun xidmət zamanı cigərlərinə su yığılıb, o ordudan tərxis olunmalıdır və sığorta pulu ödənilməlidir"
12-01-2012 / 16:38
Novruzov Elşad Əli oğlu 2011-ci ilin yanvarında Astara rayon Hərbi Komissarlığı tərəfindən Gəncədə yerləşən N saylı hərbi hissəyə hərbi xidmətə göndərilib. Xidmət zamanı onun cigərinə su yığılsa da, hələ də ordudan tərxis olunmayıb. Faktxeber.com-un məlumatına görə, bu barədə mətbuata əsgərin atası Əli Novruzov bu gün Ələkbər Məmmədovla birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Əsgər Elşad Novruzov hal-hazırda Müdafiə Nazirliyinin Bakıda Hərbi Hospitalındadır. Əsgər atası bildirir ki, tam müalicə aparılmayıb və əsgərin cigərlərindən su çəkilmir: “Bundan əlavə, hospital soyuq olduğundan əsgər yorğana bürünən kimi onu döyürlər. Gündə bir iynə vurmaqla əsgəri müalicə etmədən hospitalda saxlayırlar. Ya oğlumu sağaltsınlar, yad da ordudan tərxis etsinlər, özüm müalicə etdirim”.
Həkim Nigar Əhmədbəyova bildirir ki, əsgər Elşad Novruzov cavan olduğu üçün onun ürək və cigərində heç bir problem olmamlıdır: “Çünki bəzən ürək xəstəliyi olan adamlarda cigərə su yığılır. Bu orqanlar əlaqəlidir. Yəqin ki, əsgərin cigərləri zərbə alıb, bu da yıxılmanın, yaxud döyülmənin nəticəsində ola bilər”.
Hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirir ki, əsgər xidmətə çağırılarkən sığortalanır: “Hərbi xidmət zamanı zədə alarsa, əsgərə 6600 manat, dünyasını dəyişərsə, 11000 manat məbləğində sığorta pulu ödənilməlidir. Lakin müxtəlif bəhanələr gətirib o pulu ödəmirlər. Əsgər Elşad Novruzovun xidmət zamanı cigərlərinə su yığılıb, o ordudan tərxis olunmalıdır və sığorta pulu ödənilməlidir”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.