MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Mədəni İrsin tədqiqi şöbəsi yarandığı vaxtdan Respublikanın müxtəlif təhsil və elm ocaqlarında yerli və xarici mütəxəssislərin iştirakı ilə elmi seminarlar keçirir. Xalqımızın mədəni irsinin tədqiqində yaxından iştirak etməyi qarşısına məqsəd qoymuş birlik “Mədəni İrs” seminarları ilə zəngin keçmişimizi geniş elmi ictimaiyyətlə müzakirə etmək, yenilikləri daha geniş çevrələrdə yaymaq niyyətindədir.
Azərbaycan tarixində intibah dövrü səlcuqların və atabəylərin hakimiyyəti dövrünə təsadüf edir. Elm, mədəniyyət, ədəbiyyat qızıl əsrini yaşayırdı. Ölkədə hər sahədə olduğu kimi, şəhər həyatında da çiçəklənmə aydın hiss olunurdu. Azərbaycanın türk-islam mədəniyyətinin bu səhifəsinin öyrənilməsində akademik Ziya Bünyadovun böyük xidmətləri var. “Azərbaycan Atabəylər dövləti” əsəri nəinki atabəylər, eləcə də səlcuqlar haqqında etibarlı mənbədir. Bu dövr şəhərləri orta əsr sənətkarlığının bütün növlərini özündə toplamış iri yaşayış məntəqələri idi. Şəhərlər həm daxili, həm də xarici ticarətin mərkəzi rolunu oynayırdı. Əgər Naxçıvan, Beyləqan, Təbriz, Gəncə və Şamaxıda 100 min və daha artıq əhalinin yaşadığını nəzərə alsaq, onda aydındır ki, bu inkişaf kənd yerlərindən şəhərlərə əhali axınını tələb edən yüksək inkişaf etmiş çoxsahəli kustar sənayedə çalışan adamların sayının artması hesabına yaranırdı.
FaktXeber.com-un verdiyi məlumata görə, akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr tarixli Sərəncamına uyğun olaraq onun xatirəsinə həsr edilmiş MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bu qəbildən olan “Orta əsr şəhərlərimiz Səlcuqlar və Atabəylər dövründə” adlı növbəti seminarı Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcəkdir. Seminar 14 yanvar 2012-ci il tarixdə saat 12.00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasında baş tutacaq. Seminarda Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix fakultəsinin dekanı, tarix elmləri doktoru Oqtay Sultanov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, professor Qafar Cəbiyev və MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək mədəni irsin və səlcuq dövrü şəhər mədəniyyətinin tədqiqi, akademik Ziya Bünyadovun elmi fəaliyyəti məlumat verəcəklər.
Tədbirdə MİRAS İctimai Birliyinin istehsalı olan “Azərbaycan Abidələr Diyarıdır” filmi təqdim olunacaq.
Seminara Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, mövzu ilə maraqlanan bütün gənclər, elm adamları, KİV təmsilçiləri dəvət olunur.
Nərgiz Kazımlı