Yanlış idarəetmənin və korrupsiyanın nəticəsi olaraq 2010-cu ilin yazında baş vermiş Kür daşqınlarından 2 ilə yaxın vaxt keçir. Təəssüflə qeyd etmək lazımdır ki, fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılmasına baxmayaraq, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də ayrılan vəsaitlər təyinatı üzrə şəffaf, səmərəli xərclənməyib. Qeyri-hökumət təşkilatları və araşdırmaçı jurnalistlərin apardığı araşdırmalara görə, daşqın bölgəsində yeni evlərin tikintisində, kompensasiyaların verilməsində ayrı-seçkilik və korrupsiya hallarına yol verilib. Digər acınacaqlı vəziyyət ondan ibarətdir ki, ayrılan vəsaitin xərclənməsi ilə bağlı indiyə qədər aidiyyatı qurumlar və hökumət tərəfindən hər hansı hesabat ictimaiyyətə təqdim olunmayıb.
Bu istiqamətdə ardıcıl fəaliyyət göstərən, Kür daşqınları ilə bağlı görülən işlərin və mövcud problemlərin monitorinqini aparan bir sıra QHT-lərin və media qurumlarının cəmləşdiyi “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətinə hakimiyyət orqanları tərəfindən maneçilik törədilir. Qərargaha ünvanlanan müraciətləri araşdırmaq və mövcud vəziyyəti öyrənmək üçün bölgələrə səfər edən Qərargah üzvlərinin yanvarın 7-də Sabirabadda müraciət müəllifləri ilə keçirilməsi nəzərdə tutulan növbəti görüşün rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin müdaxiləsi ilə qarşısı alınıb, görüşə gələn insanlar polisin təzyiq və təqibləri ilə üzləşiblər.
Sözügedən məsələ ilə bağlı İctimai Palata bəyanat yayıb. FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, daşqınların təsirinə məruz qalmış vətəndaşlarla “Kür” Qərargahı üzvlərinin görüşünə nə qapalı zalda, nə də açıq havada keçirilməsinə imkan verməyən Sabirabad Polis Şöbəsi və rayon İcra Hakimiyyəti Qərargah üzvləri Mehman Əliyev və Oqtay Gülalıyevi öncə Sabirabad rayon Polis Şöbəsinə apararaq 2 saata yaxın onlarla “profilaktik” söhbət aparıblar. Sabirabad rayon Polis Şöbəsindən çıxdıqdan sonra görüşə gəlmiş bir qrup yerli sakinlə xudafizləşib Bakıya qayıtmaq istəyən Qərargah üzvlərinin qarşısını Sabirabad və Saatlı rayon Polis Şöbəsinin əməkdaşları kəsərək özlərini təqdim etmədən, sənəd tələb edərək, Qərargah üzvlərini maşından düşməyi tələb etmiş, adı çəkilən rayonlara nə üçün gəldiklərini soruşub, onları zorla Saatlı rayon polis şöbəsinə aparmaq istəyiblər. Qərargah üzvlərinə qarşı qeyri-etik və zorakı münasibət göstərən polis əməkdaşları “Kür” Vətəndaş Cəmiyyətinə məxsus videokameranı müsadirə edib, onun yaddaşını pozaraq yararsız vəziyyətdə geri qaytarıblar. DİN-in 102 qaynar xəttinə müraciət etdikdən sonra polis əməkdaşları Qərargah üzvlərini sərbəst buraxıblar: “Təəssüflə qeyd etmək lazımdır ki, “Eurovizion-2012” mahnı müsabiqəsini Bakıda keçirməyə hazır olduğunu bildirən, BMT Təşhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən qürrələnən Azərbaycan hökuməti unudur ki, birinci növbədə öz vətəndaşlarının təhlükəsizliyi keşiyində durmalıdır. Ölkədə polis sistemində rəhbər vəzifə tutan bir sıra şəxslər günün günorta çağında QHT və media mənsublarının, dinc, günahsız insanların qarşısını 18-ci əsr feodal davranış münasibətləri səviyyəsində kəsərək onlara əzələ nümayiş etdirir, özlərini bölgənin ağası kimi aparır. Sabirabad polis şöbəsinin rəhbərliyi bir neçə gün öncə - yeni il ərəfəsində rayon sakinini polis şöbəsində döyərək onu ölümcül vəziyyətə salıb.
Kür-Araz daşqınlarının təsirinə məruz qalmış bir sıra rayonlarda son zamanlar insanların müəyyən qədər fəallaşıb öz haqlarını tələb etməsi fonunda həmin rayonlara hakimiyyətin daha yuxarı eşalonunda təmsil olunan şəxslərin yaxın, etibarlı və daha qəddar qohumları təyin edilərək insanlarda xof və qorxu yaratmağa çalışırlar. Həmin bölgələrdə hakimiyyət polis gestapo rejimi yaradaraq insanları qorxu içində saxlamaq istəyir. Amma mövcud iqtidar başa düşməlidir ki, qorxu və xof altında insanları uzun müddət saxlamaq mümkün deyil və bunun acı nəticələri yaxın ərəb ölkələrində öz bariz və nümunəvi nəticəsini göstərib.
İctimai Palata Sabirabad və Saatlıda insanların sərbəst toplaşmaq hüquqlarının məhdudlaşdırılmasına, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvlərinin daşqınların təsirinə məruz qalan sakinlərlə görüş-müzakirələrin keçirilməsinə imkan verilməməsini, eyni zamanda vətəndaş cəmiyyəti fəallarına, dinc insanlara qarşı polis orqanlarının kobud, zorakı münasibətindən dərin hiddətini ifadə edir, baş vermiş hadisələrin araşdırılaraq müvafiq şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
İctimai Palata eyni zamanda bəyan edir ki, ötən 2 il müddətində hökümətin Kür daşqınlarının nəticələrinin hələ də tam aradan qaldırmamasını, bu istiqamətdə ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın və səmərəliliyin təmin olunmamasından, müvafiq hesabatların ictimaiyyətə təqdim edilməməsindən dərin narahatlığını bildirir və aidiyyatı qurumlardan təxirəsalınmaz tədbirlər görməyi tələb edir.”
Nicat