Avropa Məhkəməsi Laçından olan qaçqınların Ermənistana qarşı iddiasına baxıb və Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb
10-01-2012 / 14:10
Avropa İnsan Haqları Məhkəməsi ötəngünkü iclasında Dağlıq Qarabağla bağlı iki məsələyə baxıb. FaktXeber.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın qurumdakı nümayəndəsi Çingiz Əskərov məlumat verib.
“Avropa Məhkəməsinin yuxarı palatası yanvarın 9-da Dağlıq Qarabağla bağlı 2 məsələni müzakirə edib. Azərbaycanın Laçın rayonundan olan 6 qaçqının Ermənistana qarşı və həmçinin erməni nümayəndəsinin Azərbaycana qarşı iddiasına", deyə Ç. Əskərov qeyd edib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş Gülüstan kəndinin sakini olan erməninin şikayətində bildirilir ki, Azərbaycan guya onun mülkiyyət hüquqlarını pozur və respublikada erməni qəbiristanlıqları dağıdılır.
"Amma iclasın yekununda bizim çoxdan gözlədiyimiz vacib qərarlar qəbul olundu. Qərarlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, Ermənistan silahlı qüvvələrinin bu əraziləri işğal etdiyi və 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyü qeyd olunur”, -Çingiz Əskərov bildirib.
Onun sözlərinə görə, Avropa Məhkəməsi Ermənistanın Azərbaycanda erməni qəbirstanlıqlarının dağıdılması və ermənilərin mülkiyyət hüququnun pozulması barədə iddialarını qəbul etməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.