ARİF HACILI BAŞQANLIĞA İDDİALI OLAN MÜSAVATÇILARA İŞMARIŞ GÖNDƏRDİ
"Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, 2 aprel məhbusu Arif Hacılı başqanlığa namizəd olmaqda israrlıdır"
09-01-2012 / 18:45
FaktXeber.com xəbər verir ki, yanvarın 9-da 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus müsavatçı ilə görüşən vəkil Əsabəli Mustafayev “Media forum”a bildirib ki, Arif Hacılı ilə görüşdə Müsavat Partiyasının martın 3-4-də keçiriləcək qurultayını da müzakirə ediblər: “Arif Hacılı dedi ki, qurultay gününün müəyyənləşdirilməsini alqışlayır və başqanlığa mütləq namizəd olacaq. Eyni zamanda başqanlığa iddialı olan bütün şəxsləri namizədliklərini irəli sürməyə çağırır. Dedi ki, iddialılar istənilən halda namizədliklərini verməlidirlər və seçki alternativ əsasla, rəqabət şəraitində olmalıdır. Arif Hacılı başqan seçkisində qələbə qazanacağına əmindir”.
Əsabəli Mustafayev bildirib ki, yanvarın 9-da 17 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2 aprel məhbusu Elnur Məcidli ilə də görüşüb: “Arif Hacılı və Elnur Məcidli cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra ilk dəfə idi görüşürdüm. Ali Məhkəməyə verəcəyimiz kassasiya şikayətini müzakirə etdik. Arif Hacılı saxlanma şəraitindən razıdır, səhhəti də normallaşıb. 16 saylı Cəzaçəkmə Müəssisəsində zəngin kitabxana var, Arif Hacılı orada məşğul olur. Gündəlik qəzetləri də alır. Elnur Məcidlinin də saxlanma şəraiti yaxşıdır”.
Ötən il aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə alınaraq məhkum olunub.
Arif Hacılı 2 il 6 ay, Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.