AZƏRBAYCANDA SEÇİCİ SİYAHISININ DƏQİQLƏŞDİRİLMƏSİNƏ BAŞLANILIB
Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır
09-01-2012 / 17:20
Əvvəlki illərdə olduğu kimi, bu il də yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə başlanılıb. Bu barədə Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən FaktXeber.com-a daxil olan məlumatda bildirilir.
Seçki Məcəlləsinin tələbinə əsasən, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Məntəqə seçki komissiyaları qanunla nəzərdə tutulmuş müddətdə müvafiq seçki məntəqəsinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirəcəklər.
Seçki qanunvericiliyinin tələbinə görə, məntəqə seçki komissiyaları məntəqə üzrə dəqiqləşdirilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təhvil verməlidirlər. Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təqdim edəcəklər. Mərkəzi Seçki Komissiyası isə vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini həyata keçirəcək. Bu proses ən geci mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.