|
Bu üzündə abır-həya qoymadıq,
Adam, gedək dünyanın o üzünə.
Demə ki, doyduq, ya doymadıq,
Adam, gedək dünyanın o üzünə.
Neynirsən dumanlı, qarlı dağını,
Çəkdirir sinəmizə hicran dağını,
Çoxdan itirmişik solunu, sağını,
Adam, gedək dünyanın o üzünə.
Dəmini çəkdin, qəminə sahib ol,
Gedir karvanın, gəminə sahib ol,
Allah deyilsən, ölümünə sahib ol,
Adam, gedək dünyanın o üzünə.
Toxunuşdur, ilmə-ilmə toxunub,
Yanağına çox yanaqlar toxunub,
Fərmanın verilib, hökmün oxunub,
Adam, gedək dünyanın o üzünə.
Yuvasını dağıtdığın quşlara bax,
Gözlərdən axıtdığın yaşlara bax,
Xarabatdır, dön, bayquşlara bax,
Adam, gedək dünyanın o üzünə,
Çıxart bədəndən, ruha nicat ver,
Tanrı qismətidir, onu ucalt, ver,
Aşiqə nə eybi, canı yüz qat ver,
Adam, gedək dünyanın o üzünə.
Qalmadı bazarında daha gözəli,
Gedilən yollardır sabaha gözəli,
Allaha verilən can, daha gözəli,
Adam, gedək dünyanın o üzünə.
Nurəddin İsmayıl
24.12.2010
|