Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ikinci böyük neft istehsalçısı olan İran, ən çox Çin, Hindistan, Cənubi Koreya, Yaponiya və İtaliyaya neft ixrac edir.
İran neftinin əhəmiyyətli alıcıları sırasında qardaş Türkiyə, Cənub Afrika və Sri Lanka da var.
ABŞ prezidenti Barak Obamanın 31 dekabrda imzaladığı yeni maliyyə sanksiyaları ilə əlaqədar qanun, ölkələrin İran neftini satın almasını çətinləşdirəcək. Avropa Birliyi (AB) ölkələri də İrandan neft idxal edilməsinə embarqo qoyulması üçün planlar hazırlayır. Ancaq AB-nin İran neftinə embarqo qoymasının hələ bir neçə ay çəkəcəyi bildirilir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, İran gündə 3,5 milyon barrel neft istehsal edir və gündəlik 500 min barreli emal olunmuş şəkildə ümumilikdə 2,6 milyon barrel neft ixrac edir.
Beynəlxalq Enerji Agentliyi AB-nin İrandan gündəlik 510 min barrel neft idxal etdiyini nəzərdə tutur.
İrandan ötən il ən çox neft idxal edən 10 ölkə və onun miqdarı isə belədir (miqdarlar barrelə göstərilib):
1- Çin 543 min 10
2- Hindistan 341 min 11
3- Yaponiya 251 min 5,9
4- İtaliya 249 min 13,3
5- Cənubi Koreya 239 min 7,4
6- Türkiyə 217 min 30,6
7- İspaniya 149 min 9,6
8- Yunanıstan 111 min 22,6
9- Cənub Afrika 98 min 25
10- Fransa 78 min 3,7
Beynəlxalq Enerji Agentliyinə görə, Sri Lanka ötən ilin ilk yarısında İrandan gündəlik 39 min barrel neft idxal edib. Bu ölkə tamamilə İran neftindən asılı vəziyyətdədir.
BP-nin "Dünya Enerjisi 2011" hesabatına görə, İran dünyada aşkar edilmiş neft ehtiyatlarının təxminən 10 faizinə, yəni 137 milyard barrelinə sahibdir.
İran eyni zamanda dünyanın ikinci böyük təbii qaz ehtiyatlarına sahib ölkəsidir. Ancaq İranın öz qazına olan ehtiyacının artması və sərt beynəlxalq sanksiyalar bu ölkənin maye qaz (LNG) proqramını çətinləşdirib.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) təbii qazın İranın ümumi daxili enerji istehlakının 54 faizini və qalan enerji istehlakının böyük qismini isə neftin ödədiyini açıqlayıb.
Asiya iqtisadiyyatları İran neftinin sağlam şəkildə axmasını istəyir
ABŞ və AB-nin İran neftinin alışına tətbiq etdiyi sanksiyalara baxmayaraq, İran neftinin ən əhəmiyyətli alıcıları Çin, Yaponiya və Cənubi Koreya sanksiya çağırışlarına demək olar ki, əhəmiyyət vermirlər.
İran neftinin ən böyük alıcısı Çin, sanksiya çağırışlarını açıq şəkildə rədd edir. Asiyanın nəhəng iqtisadiyyatlarına sahib Yaponiya və Cənubi Koreya isə sanksiyaların yumşalmasını istəyirlər.
Çin rəsmi xəbər agentliyi Xinxua, Pekinin sanksiya çağırışlarını rədd etməsinə baxmayaraq, həmçinin alternativ neft qaynaqlarına da yönəldiyini bildirir. Mütəxəssislər isə Çinin fərqli ölkələrdən kiçik miqdarlarda neft almasını, Tehranın neft qiymətlərini endirməsi üçün bir taktika kimi şərh edirlər.
ABŞ rəhbərliyi isə İran neftinin enerji acı olan Şərqi Asiya iqtisadiyyatlarını bəslədiyini düşünür. Amerikanın əhəmiyyətli ticari və strateji ortaqlarıyla İran nefti mövzusunda mənfəət savaşına girəcəyinə baxmayaraq, yenə də İranın nüvə proqramına maneə yaratmaq üçün hər şeyi edəcəyi bildirilir.
Yaponiya Xarici İşlər Nazirliyi səlahiyyətlisi Kazuhiro Kavase, ötən həftə verdiyi açıqlamada, "biz boynumuza məsuliyyət götürüb ABŞ rəhbərliyi ilə mövzunu müzakirə edirik'' demişdi.
Cənubi Koreya Xarici İşlər Nazirliyindən bir səlahiyyətli də anlaşılmazlıqları həll etmək yönündə işlər apardıqlarını açıqlamışdı.
Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Honq Ley isə açıqlamasında, ABŞ-ın "Tehrana sanksiya tətbiq etmək" qərarına qarşı olduqlarını bildirərək, ''bir ölkənin milli məsələlərinə beynəlxalq hüququn ölçü qoymaq səyləri narahatedicidir. Biz İrana tətbiq olunması nəzərdə tutulan birtərəfli ABŞ sanksiyalarına qarşıyıq'', - deyə söyləyib.
Hindistanın da sanksiyalara əməl edəcəyi görünmür. Çünki bu ölkənin də idxal etdiyi neftin təxminən 15-20 faizlik bir hissəsi İrandandır. Göstərilən mövqe və İranın müttəfiqləri ilə sıx əlaqə heç də bu ölkənin alternativ mənbə axtarışında olmadığını sübut edir. Siyahıdakı digər ölkələr isə sanksiyaya əməl edəcək kimi görünür. Amma iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan İspaniya, Yunanıstan və İtaliyanın bu sanksiyalardan nə qazanacaqları isə sual altındadır.
Leyla Tağızadə