Yanvar ayının 8-də İctimai Palatanın 2012-ci ildə ilk sessiyası keçirilib. Sessiyanın gündəliyində duran əsas məsələ ölkə və dünyada baş verən son ictimai-siyasi vəziyyət, Koordinasiya Şurasının üzvlərinin seçkisi olub.
Sessiya Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra Müsavat başqanı İsa Qəmbər sessiyanın gündəliyi ilə toplantı iştirakçılarını tanış edib. Gündəlik təqdim olunduqdan sonra Müsavat başqanı qısa çıxış edib.
Çıxışı zamanı İsa Qəmbər deyib ki, 2010-cu ilin dekabr ayında təsis olunan İctimai Palata bir il ərzində demokratik düşərgənin toparlanma mərkəzi kimi, ölkədə hakimiyyətə əsas alternativ kimi, Azərbaycan xalqının problemlərinin həlli ilə bağlı əsas inam yeri kimi cəmiyyətdə də, dünya miqyasında da tanınmağa başlayıb. “Bu bir il ərzində bir çox addımlar atılıb. İctimai Palatanın intellektual fəalliyyəti diqqət mərkəzində olub. 2011-ci ildə çox böyük işlər görülüb. Amma hələ də biz əsas hədəflərimizdən birinə nail ola bilməmişik. Biz indiki parlamentin buraxılmasına və növbədən kənar seçkilərin keçirilməsinə nail olmamışıq. Biz İlham Əliyevin istefası haqda düşünməli və bunun üçün lazım olan addımların atılması barədə düşünməlik”
Daha sonra çıxış edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu ötən bir ay ərzində İctimai Palatanın gördüyü işlər barədə hesabat verdi. Qeyd edək ki, Hacı İlqar ötən bir ay ərzində Koordinasiya Şurasına sədrlik edib. Çıxışı zamanı həmçinin Hacı İlqar son günlərdə inanclı kəsimə qarşı olan həqarətlərə toxundu və inanclı kəsimi demokratik qüvvələrlə zidd mövqedə təqdim etməyin doğru olmadığını dedi. Sonda Hacı İlqar “Biz səmimi insanlarıq, nə varıqsa oyuq. Müsəlman kimi İslam kimliyimizlə harda qəbul olunuruqsa oluruq, olunmuruqsa da Allah bəndəsi olaraq təkdə olsaq bu dünyada öz mövcudiyyətimizi davam elətdirərik.”
Sessiyada çıxış edən AXCP sədri Əli Kərimli son bir ayda ölkədə və dünyada baş verən mühüm hadisələrə toxundu. “Ötən ilin sonunda Azərbaycan cəmiyyəti çox böyük ümüdlə gözləyirdi ki, vicdan məhbusları əfv olunacaqlar. Lakin imzalanan əfv fərmanında yalnız bir vicdan məhbusunun olması bir daha göstərdi ki, siyasi məhbusların həbsdə daha çox saxlanılması birbaşa onun öz təşəbbüsüdür. Vicdan məhbuslarını azad etmək bizim ən mühüm prioritetimiz olmalıdır.
Ərəb Baharı davam edir və öz əhatə dairəsini genişləndirməkdədir. İctimai Palara olaraq qonşu Rusiyada gedən prosesləri diqqətlə izləyirik. Biz Rusiyada gedən demokratikləşmə prosesini dəstəkləyirik. Biz Rusiyadakı demokratik qüvvələrlə həmrəy olduğumuzu bəyan edirik.
Bilirsiz ki, Fransa Senatı “erməni soyqırımı” haqqında qanun layihəsini qəbul etməyə hazırlaşır. Biz Avropa Birliyini doğru addımlar atırıq. Amma Avropa Birliyinin sütunlarından biri Fransadır. Bu qanun qəbul olunarsa, azərbaycanlılar Fransaya getməyəcəkmi, yoxsa qondarma soyqırımı qəbul edəcəklər? Bu qanun qəbul olunarsa Fransa Qarabağ məsələsində vasitəçi kimi qala bilməz. Əgər bu qanun qəbul olunarsa Fransa şirkətləri gələcəkdə Azərbaycan geniş fəaliyyət göstərə bilməyəcəklər. İlham Əliyevə səslənirəm. Nə vaxta qədər Qarabağın, Azərbaycanın, Türkiyənin maraqları bir medalın girovluğunda qalcaq?!” Çıxışının sonunda Əli Kərimli son dövrdə İslam dininə qarşı olunan həqarətlərə toxunaraq bunları deyib: “Millətçi, dindar, ateist, solçu, sağçı, kimliyindən asılı olmayaraq demokratiya dəyişiklik istəyirsə bizimlədir. Bizim üçün bu dövlətin qurucularının qaldırdığı üç rəngli bayraq müqəddəsdir. Biz bayrağımızda olan dəyərlərə, inancımıza, İslam kimliyimizə sədaqətliyik. Hər kəsin inancına hörmət olunmalıdır. Azərbaycanın vöyük əksəriyyəti müsəlmandır. Biz dini kimliyimizdən utanmırıq, əksinə qürur duyuruq”
Daha sonra İctimai Palatanın digər üzvləri çıxılar etdilər. Çıxışlar bitdikdən sonra, təxminən saat 15:15-də Koordinasiya Şurasına üzvlərin seçilməsi üçün seçki keçirildi. Seçkidə İctimai Palataya üzv olan şəxslər səsvermə hüququna mailk idilər. İctimai Palatanın Seçki Komissiyasından verilən məlumata görə, seçkidə 20 nəfər mübarizə aparıblar. Onlardan 17 nəfəri Koordinasiya Şurasına üzv seçilib. Ümumilikdə isə səsvermə hüququ olan şəxslərdən 258 nəfəri səsvermədə iştirak edib. Səslərdən yalnız 245-i etibarlı sayılıb.
Səsvermənin nəticəsi isə aşağıdakı kimidir:
Aqil Həbib oğlu Səmədbəyli - Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasnın sədri -224 (lehinə)
Ədalət Həsənağa oğlu Yusibov - Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini - 226 (lehinə)
Əli Əmirhüseyn oğlu Kərimli - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri - 209 (lehinə)
İbrahim Zeynəddin oğlu İbrahimli - Müstəqil siyasətçi - 186 (lehinə)
Hacı İlqar İbrahimoğlu - DEVAMM-ın sədri - 202 (lehinə)
İsa Yunis oğlu Qəmbər - Müsavat Partiyasının başqanı -235 (lehinə)
Köçəri Adil oğlu Nağıbəyli - Qərbi Azərbaycan Azadlıq Təşkilatının sədri-161 (lehinə)
Qələndər Şəmil oğlu Muxtarlı - Azərbaycan Milliyətçi Demokrat Partiyasının sədri-207 (lehinə)
Leyla Ağa qızı Əliyeva - Müstəqil politoloq - 233 (lehinə)
Rahim Bahadur oğlu Hacıyev - “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini -190 (lehinə)
Mehriban Əli qızı Vəzir - Yazıçı-publisist - 187 (lehinə)
Mirvari Üzeyir qızı Qəhrəmanlı - Hüquq müdafiəçisi - 200 (lehinə)
Pənah Çodar oğlu Hüseyn - Keçmiş Baş nazir - 200 (lehinə)
Rafiq Hidayət oğlu Manaflı - Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri -178 (lehinə)
Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru - 184 (lehinə)
Vidadi Mircəlil oğlu Mirkamal - Ədliyyə generalı - 220 (lehinə)
Zəfər Hüseyn oğlu Quliyev - Müstəqil politoloq, analitik - 226 (lehinə).
Beləliklə İctimai Palatanın Koordinasiya Şurasının tərkibi dəqiqləşdi və İctimai Palata 2012-ci ilə start verdi./ Dəyərlər
İctimai Palata həmçinin 2 bəyanat da qəbul edib: Bəyanatlardan biri yazıçı Rafiq Tağının qətlinə, digəri isə 2 aprel məhbuslarına həsr olunub:
* İctimai Palata yazıçı Rafiq Tağının qətlini bir daha qətiyyətlə pisləyir və bu qətlin siyasi xarakterli cinayət olmasını bəyan edir.
* Ciddi ictimai rezonansa səbəb olmuş bu ağır cinayətin törədilməsindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq aparılan təhqiqatın qapalılığı və bu günədək heç bir nəticənin olmaması bu cinayətin də açılmayan siyasi qətllər sırasına daxil olacağı haqda narahatlıq doğurur.
* İctimai Palata cinayətin istintaqını aparan qurumlardan qətlin əsl sifarişçilərinin və icraçılarının ifşa edilərək məhkəmə qarşısına çıxarılmasını tələb edir. Eyni zamanda bu cinayətin ölkənin ictimai-siyasi gündəmində qarışıqlıq yaratmaq
məqsədi güddüyünü nəzərə alaraq istintaqın gedişinə ictimai nəzarətin təmin olunmasını və istintaq barədə mütəmadi olaraq açıqlamalar verilməsini tələb edir.
* İctimai Palata bu qətllə bağlı yaranmış gərginliyi nəzərə alaraq, ölkənin bütün siyasi qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini və digər icmalarının, mətbuatının nümayəndələrini, habelə ayrı-ayrı vətəndaşları təmkinli olmağa,
qarşıdurma yaradan bəyanatlar verməklə yaranmış durumu ağırlaşdırmamağa çağırır.
* İctimai Palata fərqli mövqe, fikir və düşüncələrin ifadəsi azadlığına birmənalı şəkildə tərəfdar olaraq, eyni zamanda hər bir polemikanın qarşılıqlı hörmət, dözümlülük, milli, mənəvi, dini dəyərlərə hörmət prinsiplərinə əməl edilərək aparılmasını arzu edir və bütün tərəfləri buna dəvət edir. İnsanların şərəf və ləyaqəti, etiqadı və dini inancları, o cümlədən Azərbaycan xalqının əsas dəyərlərindən olan İslam dini ilə bağlı həqarətli fikir və mülahizələrin yayılması yolverilməzdir.
* Gələcəkdə də bu tipli və ya buna bənzər cinayətlərin baş verməməsi üçün biz bütün ölkə vətəndaşlarını zorakılığa, insan hüquq və azadlıqlarının pozulmasına qarşı çıxmağa və vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırıq.
***
02 aprel dinc etiraz aksiyası ilə əlaqədar həbs olunanlarla bağlı B Ə Y A N A T I
İctimai Palatanın qərarı ilə 02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 16 nəfəri və bloger Bəxtiyar Hacıyev bir ilə yaxındır ki, həbsdədir.
Məhkəmələrin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il, Elnur Məcidli 2 il, Şahin Həsənli 2 il, Vidadi İsgəndərli 3 il və Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum ediliblər.
Çıxarılan hökmlərlə əlaqədar apellyasiya şikayətinə baxılıb, 15 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Məhkəmə prosesləri zamanı bir daha təsdiq olundu ki, bu proses mürtəce rejimlə barışmayan, ölkədə demokratik cəmiyyət qururlması uğrunda dinc mübarizə aparan günahsız insanların cəzalandırılması prosesindən başqa bir şey deyil.
Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad olunması tələb edilir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə verilən əfv fərmanının həbsdə olan vicdan məhbuslarından yalnız Cabbar Savalanlıya şamil edilməsi, digərlərinin isə həbsdə saxlanması Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq, fikir və söz azadlığına, eləcə də beynəlxalq təşkilatların tövsiyələrinə münasibətinin göstəricisidir.
Bu hal “Eurovizion” mahnı müsabiqəsini keçirməyə hazırlaşan və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən 10 ölkədən biri olan Azərbaycan Respublikasının imicinə qara ləkədir.
İctimai Palata azadlıqsevər hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız cəzaya məhkum edilən dönməz mübarizləri, - “Amnisty İnternational”, “Human Rigths” və digər beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusları kimi tanınan şəxsləri, - ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır.
Vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Sahib Kərimov, Məhəmməd Məcidli, Elnur Məcidli, Şahin Həsənli, Elşən Həsənov, Ülvi Quliyev, Zülfüqar Eyvazlı, Babək Həsənov, Arif Alışlı və Elnur İsrəfilov həbsdə qaldığı müddətdə hakimiyyət nümayəndələrinin ölkədə insan hüquqlarının qorunması və müdafiəsindən, demokratik islahatlardan və Qərbə inteqrasiyadan danışması demokratik düşüncəli insanlarda və beynəlxalq təşkilatlarda inam yarada bilməycək.
İctimai Palata bir daha hakimiyyətə müraciət edərək onu, özünün qanunsuz və ədalətsiz hərəkətləri haqqında ciddi düşünməyə, dünyada, xüsusən post-sovet məkanında gedən demokratik prosesləri götür-qoy etməyə və günahsız insanları dərhal azad etməyə çağırır. Əks təqdirdə, ölkədə gərginliyin artmasının bütün məsuliyyəti Əliyev rejiminin üzərinə düşəcək.