FaktXeber.com-un verdiyi məlumata görə, avro 2010-cu ilin sentyabr ayından başlayaraq Amerika dolları qarşısında ən aşağı səviyyəyə gerilədiyi vaxt (1,2795) avropalı liderlərin iqtisadiyyata dair görüşləri də davam edir. İtaliyanın baş naziri Mario Monti Parisdə fransız həmkarı François Fillonla təşkil edilən iş yeməyindən sonra Fransa prezidenti Nikolas Sarkozi ilə də görüşüb. Mətbuat konfransında onlar növbəylə birlik mesajları səsləndiriblər:
"Fransa və İtaliya Avropanın gələcəyinə və eyni zamanda artıq Avro Bölgəsinin ürəyinə qədər çatmış böhranın həllinə dair birgə fikir mübadiləsi aparırlar."
"Avropa Birliyi, xüsusilə Avro Bölgəsi son zamanlar çətin günlər yaşayır. Bu həssas dövrdə maliyyə göstəricilərinin tarazlanması məqsədiylə lazım olan islahatları tətbiq etmək üçün hər bir üzv dövlətin öhdəsinə düşən vəzifəni həyata keçirməsi çox vacibdir."
Montinin vəzifəyə gəlişindən sonra keçirilən Sarkozi-Merkel-Monti zirvəsində Monti digər iki lideri Romaya dəvət etmişdi. Bu görüşün yanvarın 20-də baş tutacağı bildirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.