Ziyalılar Forumunun növbəti toplantısının yanvarın 13-15-i arasında keçirilməsi nəzərdə tutulur. Bu barədə forumun İdarə Heyətinin üzvü, dünya şöhrətli kinorejissor Rüstəm İbrahimbəyov qəzetimizə müsahibəsində bildirdi. Fürsətdən istifadə edib Rüstəm İbrahimbəyova bəzi suallarımızı da ünvanladıq.
- Rüstəm bəy, dekabrın 29-da keçirilməli olan tədbir baş tutmadı. Bu dəfə tədbirin keçirilməsilə bağlı yer məsələsi necə həll olunacaq?
- Biz bir daha hotelə (“Hyatt Regency”) müraciət etdik. O dəfə nə isə mane oldu, hər halda, bu dəfə problemləri aradan qaldırmalıdırlar və o zalı bizə verməlidirlər.
- Tədbirin keçirilməsinə texniki problemlərin səbəb olduğu barədə hotel rəhbərliyinin dedikləri ilə razılaşmaq olarmı, yoxsa yenə hesab edirsiniz ki, bu məsələ siyasi amillərlə bağlıdır?
- Bizim fikrimiz odur ki, bu, texniki problem deyil. Amma bunu sübut etmək o qədər də asan deyil. Ona görə də onlara dedik ki, biz sizin sözünüzə inanmağa məcburuq. Ona görə də texniki problemlər aradan qaldırılandan sonra xahiş edirik ki, həmin zalı bir günlüyə bizim istifadəmizə verəsiniz. İndi bununla bağlı cavabı gözləyirik.
- Müsbət cavab alacağınıza ümid var, yoxsa paralel şəkildə alternativ yer axtarışındasınız?
- Yox, hələlik heç nə axtarmırıq. Axı onların baş kampaniyası xaricdədir. Biz hələlik ora müraciət etmirik. Amma əgər görsək ki, bu, texniki məsələ deyil, zalı bizə verməkdən imtina edirlər, o halda biz məcbur olacağıq ki, başqa bir yer tapaq. Hələlik ümidvarıq ki, həmin hoteldə tədbirimizi keçirə biləcəyik.
- Bildiyimizə görə, məhkəməyə müraciət etmək fikriniz də yoxdur.
- Yox, məhkəmənin nə mənası var. Biz onların Amerikada yerləşən qərargahına müraciət etsək, elə bu, kifayətdir. Baş ofisə müraciət etsək, onlar nə tədbir lazımdırsa, görəcəklər. Hətta bu tədbirlər məhkəmədən kəskin olacaq.
- Ötən günlər ərzində iqtidar düşərgəsindən Ziyalılar Forumunun ünvanına ən müxtəlif ittihamlar səsləndi, hətta sizin ziyalı olmağınıza şübhə ilə yanaşanlar da tapıldı. Bu fikirlər barədə nə deyə bilərsiniz?
- Mən onları oxumamışam, eşitmişəm. Amma bildiyimə görə, onlar cavablarını da alıblar. Ona görə də mən heç belə xırda işlərə qarışmıram.
- Ziyalılar Forumunun brifinqində səslənən bəzi sərt ifadələrə reaksiyasında deputat Fəzail Ağamalı deyib ki, bunlar ziyalıya yaraşan ifadələr deyil və ziyalı bazar jarqonu ilə danışmamalıdır. Bu fikirlə razılaşırsınızmı?
- Bu, onun fikridir. Onunla razılaşmaq da olar, etiraz etmək də. Belə deyirsə, qoy desin. Bizim əsas məqsədimiz odur ki, bu ölkədə hamı sərbəst şəkildə öz fikrini deyə bilsin. Elə danışmalıyıq ki, heç kəsin şəxsiyyətinə toxunulmasın. Bu mənada səslənən fikri də normal qəbul edirəm və məndə etiraz yaratmır. Yaxşı fikirdir.
- Belə bir yanaşma da mövcuddur ki, sanki kimlərsə qapalı toplantıların keçirilməsinə belə imkan verməməklə milli barışa çağıran ziyalıları belə radikallığa vadar edir. Bununla razılaşmaq olarmı?
- Görünür, bu işlərin tərəfdarları var. Bizim məqsədimiz vətəndaş barışığına nail olmaq, vətəndaş cəmiyyətini fəallaşdırmaqdır. Məncə, bu məqsədlər hamının xoşuna gəlməlidir. Kim ki, bunlara etiraz edir, deməli, nəsə qərəzi var və ona görə də bizim təşəbbüslərin reallaşmasına qarşı çıxır. Ancaq o da normal şeydir. Kimsə bizim istədiyimiz məsələlərdən narazı olmalıdır. Bizim məqsədimiz getdiyimiz yolun düz olduğunu, cəmiyyətimiz üçün lazımlı olduğunu onlara çatdırmaqdır. Mənə elə gəlir ki, islahatlar həyata keçirilməsə, ölkəmiz çox çətin vəziyyətə düşəcək. Biz axı siyasətlə məşğul deyilik, heç kəsin əleyhinə danışmırıq. Ümumiyyətlə, burda ab-havanı bir az dəyişdirmək istəyirik. Amma belə getsə, ola bilsin ki, çox təhlükəli vəziyyət yaransın, camaat küçəyə çıxsın. Biz inqilaba oxşar hansısa hərəkətlərin əleyhinəyik. Məqsədimiz odur ki, hökumətlərin islahatları, düzgün hərəkətləri ilə bunları saxlayaq. Aydın məsələdir ki, bizim bu niyyətimiz kiminsə xoşuna gəlmir. Onu da çox asan təhlil etmək olar ki, nəyə görə? Deməli, bu adamlar şəxsi mənafeyini güdür, hökumət pullarını mənimsəyirlər və ona görə də vəziyyətin dəyişməsini istəmirlər. Ona görə də biz mütləq bu istiqamətdə mübarizəni həmin adamlarla aparmalıyıq.
- Hakimiyyətin daha bir arqumenti var və Fəzail Ağamalı da bizə müsahibəsində onu söyləyib. Bildirilir ki, cəmiyyətdə elə bir şərait mövcud deyil ki, kimlərsə barışdırıcı missiya ilə çıxış etsin.
- Bu, onun şəxsi fikridir, mən bununla razı deyiləm. Bu, nə məndən, nə də Fəzail Ağamalıdan asılı məsələdir. Bu, ümumi xalqın fikrindən asılıdır. Açıb qəzetləri oxusun, orda korrupsiya ilə bağlı minlərlə faktlar var. Ölkəmizin korrupsiya ilə bağlı statistik göstəricilərinə baxsın, hansı yerdə olduğunu görsün. Bunlar faktlardır, nə məndən, nə ondan asılı məsələdir. Bu faktları təhlil etsin, ondan sonra desin ki, barışıq, hökumətlə xalqın dialoqu lazımdır, ya lazım deyil.
- Vitse-spiker Bahar Muradova da deyib ki, dialoqa çağırış edənlər əvvəlcə hansı məsələdən danışılacağı barədə təklif versinlər. Siz daha çox hansı məsələni dialoq mövzusu kimi seçərdiniz?
- Biz bu dəfə gənclərin vəziyyətindən danışmaq istəyirdik. Ondan əvvəl ictimai əxlaqdan danışmışıq. Bizim növbəti iclasımız mülkiyyət hüquqlarının pozulmasına həsr olunacaq. On minlərlə, yüz minlərlə faktlar var ki, camaatı öz evlərindən küçəyə atırlar, torpaqları alırlar, başlarına oyun gətirirlər. İqtidar nümayəndələri bir az qəzetləri oxusa, ümumi mənzərə aydın olar. Baxır həyətə hansı yüksəklikdən baxırsan. Məsələn, göydələnin pəncərəsindən həyətə baxırsansa, heç nə görmürsən. Bir az aşağı düşəndə hər şey məlum olur. Bizim vəzifəmiz bu problemlərdən danışmaqdır. Təkrar edirəm, biz həkim deyilik, ağrıyıq və xalqın ağrısını ifadə etməliyik ki, bunlara fikir versinlər. Qaldırılan problemlərə fikir versələr, dövlət onları aradan götürə bilər. Etməsələr, biz heç olmasa deyə bilərik ki, bir vaxtlar vətənimizi sevə-sevə öz vətəndaş borcumuzu yerinə yetirdik, susmadıq və özümüzü əsl vətənpərvər adamlar kimi apardıq. Bizim əsas məqsədimiz budur. Amma axırda nə olacaq, bu, bizdən asılı deyil. O, kütlədən və yuxarı dairələrdə oturan adamlardan asılıdır. Biz də çalışırıq ki, bu problemlər sülh yolu ilə, islahatlarla həllini tapsın.
Elşad PAŞASOY/"Yeni Müsavat"