"Kurtlar Vadisi" serialının pərəstişkarı olan İbrahim Yılman üç oğluna çox sevdiyi üç obrazın - Polad (Necati Şaşmaz), Memati (Gürkan Uyğun) və Əbdülheyin (Kənan Çoban) adlarını qoyub.
Beş il əvvəl evlənən 27 yaşlı İbrahim-Sultan Yılman cütlüyünün Polad (4 yaş) Memati (3 yaş) və Əbdülhey (1 yaş) adındakı uşaqları indidən "Kurtlar Vadisi" aktyorları kimi maraqla qarşılanır.
FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, əslən Diyarbəkirli olan, ancaq Adanada doğulan İbrahim Yılman əsgərlikdən döndükdən sonra heç bir seriyasını ötürmədiyi "Kurtalar Vadisi" filminin qəhrəmanları Polad, Memati və Əbdülheyin adlarını doğulacaq oğlanlarına verməyi qərarlaşdırıb.
Yılman ilk iki uşağı Polad və Mematidən sonra üçüncü övladını qeydiyyata saldırmaq üçün getdiyi idarədə problemlə üzləşib: "Sonuncu övladımın adını "Əbdülhey" dedikdə, qeydiyyat idarəsindəki məmur kompüterə baxıb, "onsuz da digər iki uşaqlarınızın adları Polad və Mematidir. Əbdülhey adı qadağan deyilmi", - deyə sual etdi. Bu adın siyasi bir mənasının olmadığını söylədim və israr etdim. Müdirdən soruşdular, o da qadağan olduğunu söylədi. Buna görə, mən də oğluma şəxsiyyət vəsiqəsi almayacağımı deyib oranı tərk etmək istədim. Fikrimdən imtina etməyəcəyimi görən səlahiyyətlilər Əbdülhey adı ilə razılaşmalı oldular."
Uşaqlara qoyduğu adlara həyat yoldaşının etirazının olduğunu, ancaq "Kurtalar Vadisi" serialı sevgisinin üstünlük təşkil etdiyini bildirən Yılman, qərarından xoşbəxt olduğunu və elə indidən Polad, Memati və Əbdülheylə əlaqədar bəzi xatirələr yaşadığını söyləyib.
Uşaqların anası Sultan Yılman isə yoldaşının uşaqlarına verdiyi adlar mövzusunda tərslik etdiyini bildirir. O, İbrahimin evdə müəyyənləşdirilən deyil, uşaqların şəxsiyyət vəsiqələrinə xoşuna gələn serial qəhrəmanlarının adlarını yazdırdığına diqqət çəkərək, "Polad Beraat Kandilində, Memati isə Qədr Gecəsində doğuldu. Buna görə də onların adlarını Beraat və Qədr, ən kiçiyinə isə Həmzə adını qoymaq istədim. Yoldaşım seriala sevgisindən bu cür addım atdı. Amma artıq biz də alışmışıq", - deyə söyləyib.
Aysel Məmmədova