Bu gün Qarabağ müharibəsi zamanı keçirilən Horadiz əməliyyatının iştirakçıları Şəhidlər Xiyabınında bir araya gəliblər
5-1-2012 / 17:17
FaktXeber.com-un verdiyi məlumata görə, Şəhidlər Xiyabanını ziyarət edən hərbçilər arasında o, dövrdə 702 saylı hərbi briqadanın komandiri olmuş polkovnik Şair Ramaldanov, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, polkovnik Ramaldanovun həmin dövrdəki müavini polkovnik-leytenant Tariyel Qəhrəmanov və digər döyüş əməliyyatçıları olub. Horadiz əməliyyatı zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Zülfüqarov Elxan Qaçay oğlunun qəbirini ziyarət edən hərbçilər, silahdaşlarının ruhlarına dualar edərək hər bir zaman döyüşə hazır olduqlarını bildiriblər. Milli Qəhrəmanın qəbri üzərində xatirələrini silahdaşları ilə bölüşən polkovnik Şair Ramaldanov, o günlərin Azərbaycan tarixinin səhifələrinə şanlı hərflərlə yazıldığını bildirdi.
Bundan sonra çıxış edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov, bu günə qədər vətən uğrunda şəhid olan hərbçilərin hamısının yaxınlarına Allahdan səbr dilədi. Bu günə qədər Horadiz əməliyyatında iştirak edən və yaralanan hərbçilərin əksəriyyətinin veteran vəsiqəsi ala bilmədiyini qeyd edən Üzeyir Cəfərov, "Daşaltı əməliyyatına gələrək geri qaçan şəxslərin hamısına veteran vəsiqələri verilib. Lakin bu günə qədər Horadiz əməliyyatında qəhrəmancasına iştirak edən və yaralanan şəxslər vardır ki, veteran vəsiqəsi ala bilməyiblər. Biz bununla bağlı müəyyən tədbirlər görməyi planlaşdırmışıq."-deyə bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.