VALYUTA EHTİYATLARI XARİCİ BORCUNU 10 DƏFƏ ÜSTƏLƏYİR
Mərkəzi Bank dekabrın 30-da bəyanat yayıb
30-12-2011 / 12:58
FaktXeber.com-un verdiyi məlumata görə, bəyanatda deyilir ki, 2011-ci ildə Azərbaycan iqtisadiyyatı artıb və inkişaf edib: “2011-ci ilin 11 ayında qeyri-neft sektoru 9.5% artıb. O cümlədən qeyri-neft sənayesində 11.7%, ticarətdə 9.9% və xidmətdə 22.2% artım olub. Sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri indeksi ötən illə müqayisədə yaxşılaşıb.
11 ayda əhalinin nominal pul gəlirlərinin 19.2%, ev təsərrüfatlarına bank kreditlərinin isə 21.7% artımı daxili tələbin artmasına müsbət təsir edib. Nəticədə uzunmüddətli istifadə əşyalarının istehlakı artıb. İnvestisiya tələbi də genişlənib, investisiya qoyuluşları 28.3%, o cümlədən qeyri-neft sektorunda 39% artıb”.
Rəsmi məlumata görə, strateji valyuta ehtiyatları 1 dekabr 2011-ci ilə 42 milyard dollara çatıb: “Bu ehtiyatlar 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir və xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ildə 60%-dən çox artaraq 10.5 milyard dolları ötüb”.
Bank qeyd edir ki, 2011-ci ilin 11 ayında kredit qoyuluşları 7.5%, bank aktivləri 10.7%, əhalinin əmanətləri 26.4% artıb.
Bəynatda bildirilir ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2011-ci ildə cəmi 500 nəfərə 16 milyon manat məbləğində sosial ipoteka verilib.
Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2012-ci ildə ümumi daxili məhsul 5.7% artacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.