|
Daha bir ili geridə qoymaq üzrəyik. Hətta “geridə qoyduq da” deyə bilərik. Bu il hansı hadisələrə şahid olduq? Tarixə düşən hansı mühüm olaylar baş verdi? Nələr baş verdi, nələr dəyişdi? Bu kimi düşüncə və suallarla günümüzün ən asan və qısa araşdırma qaynağı olan internetə baş vurdum. Alınan nəticələrə görə, dəyərləndirməli olsaq, 2011-ci ilə “inqilablar və böhranlar ili” adı vermək çox doğru olar.
Çünki 2011-də Avropanın ən mühüm məsələsi Avro zonasında olan iqtisadi böhran və bu böhranla boğuşan ölkələrin xilası üçün müxtəlif layihələr həyata keçirilərkən, dünyanın müştərək gündəmi ərəb dünyasında baş verən və rejim dəyişiklikləri ilə nəticələnən hadisələr oldu. Hələ yanvar ayının əvvəllərində ilk çevriliş baş tutdu. Tunis Prezidenti Binali 2010-nun dekabrında kiçik bir tacirin rejimə etiraz əlaməti olaraq, özünü küçədə yandırması ilə başlayan üsyan nəticəsində 2011-in yanvarında 23 illik iqtidarına son qoyuldu və o, ölkədən qaçmaq məcburiyyətində qaldı. Zeynal Abidin Binalinin Səudiyyə Ərəbistanına qaçması ilə ölkədə yeni bir hərəkat başladı. Ancaq hələ o günlərdə bu hərəkatın “ərəb baharı” adlanaraq, inqilablar silsiləsinin başlanğıcı olduğunu çoxları təxmin etməmişdi.
Dünya ictimaiyyəti hələ Tunis hadisələrinin səbəblərini və nəticələrini araşdırarkən, bu dəfə də o alovun qoru Misirə sıçradı. Misirdə inqilabların mərkəzi kimi qəbul edilən Təhrir (azadlıq) meydanı bir anda üsyançılarla dolub-daşdı və qarşısıalınmaz qüvvə meydana çıxdı. Vəziyyəti düzgün qiymətləndirən Misir Prezidenti Hüsnü Mübarək istefa verdi və prezident səlahiyyətlərini ordu rəhbərliyinə həvalə etdi.
Misirdə ordunun rəhbərliyi dövrü başladı, ancaq Təhrir meydanı sonrakı aylarda da dolub-daşmaqda davam etdi. Hüsnü Mübarək məhkəmə qarşısına çıxarıldı, ordu rəhbərliyi seçkilərə qədər hakimiyyəti boynuna götürsə də, xalq başladığı hərəkatı arzu etdiyi sonluğa çatdıra bilmək üçün hərəkatı davam etdirdi. Bu gün belə Təhrir meydanı partlamaq üzrə olan bomba kimidir və hər hansı ehtiyatsız hərəkət onlarla insanın ölümünə səbəb ola bilər. Digər tərəfdən isə ölkə rəhbərliyini öz üzərinə götürmüş əsgəri rejim isə öz iqtidarının müddətini uzatmaq üçün sanki ayağını sürüyür.
Regionda baş verən hadisələrdən Liviyanın da öz nəsibini almaması mümkün deyildi. Aylardan bəri davam edən gərginlik mart ayında açıq üsyana çevrildi. Ölkənin dörd bir tərəfində xalq Qəddafi rejimi əleyhinə etiraz hərəkatına qatıldılar. Hətta bəzi yerlərdə mülki şəxslər silahlanaraq, Qəddafi güclərinə qarşı açıq müharibəyə başlamışdı. Qəddafi rejiminin sivil xalqa qarşı qəddar davranması və onun azadlıq haqqını istismar etməsi BMT TŞ və NATO-nun məsələyə müdaxilə etməsinə səbəb oldu. Adıçəkilən təşkilatlar Liviyada Qəddafi güclərinin bombalanmasına qərar verdilər və bu qərar qısa müddətdə həyata keçirilməyə başladı. Liviyada hadisələrin bu qədər gərgin məqamında Uzaq Şərq ölkəsi Yaponiyada baş verən zəlzələ və Sunami bütün diqqətləri o istiqamətə yönəltdi. Yaponiya 9,1 bal gücündə zəlzələdən, demək olar ki, xətərsiz-itkisiz çıxdı, amma hündürlüyü 10 metri aşan Sunami dalğaları qarşısında davam gətirə bilmədi. Fikuşima Atom Elektrik Stansiyası bu hadisələr zamanı ciddi zərrə gördü, 15 mindən çox insan həyatını itirdi, minlərlə insan isə hələ də itkindir. Bu hadisə atom enerjisindən istifadə edən ölkələrdə ciddi araşdırmalar aparılması zərurətini ortaya çıxardı. Məsələ bu gün də öz aktuallığını qorumaqdadır.
Apreldə “ərəb baharı” Yaxın Şərq ölkələrini, iqtisadi böhran isə Avropanı bürüyərkən, Afrikada birdən-birə vəziyyət kritik xarakter aldı. Çin, ABŞ və AB üçbucağında qalan Afrika ölkələri yeraltı və yerüstü sərvətləri üzündən böyük problemlər yaşadılar. Hətta Fil Dişi kimi bəzi ölkələrin rəhbərləri dəyişdi. Digər tərəfdən isə sərvətlər baxımından kasıb olan bəzi Afrika ölkələrində siyasi hakimiyyətsizlik nəticəsində dəhşətli mənzərələr ortaya çıxdı. Xalq aclıq və müxtəlif yoluxucu xəstəliklərdən qırılmağa başladı. BMT dünya ölkələrinə müraciət edərək, Afrikaya yardım kampaniyasına başladı.
May ayının ən önəmli hadisəsi heç şübhəsiz, Üsamə bin Ladenin Pakistanda ABŞ Silahlı Qüvvələri tərəfindən öldürülməsi oldu. Bu hadisə bir çox baxımdan xüsusi önəm daşıyırdı. Hər şeydən əvvəl, ABŞ bin Ladeni öldürməklə intiqam almış oldu. Məlumdur ki, 11 sentyabr terror hadisələrinin məsulu sayılan bin Laden ABŞ-ın axtardığı və öldürmək istədiyi siyahının başında yer tuturdu. Hadisənin başqa bir önəmli cəhəti isə ondan ibarət idi ki, ABŞ əsgərləri Pakistanda yerli rəhbərliyə heç bir məlumat vermədən bu əməliyyatı həyata keçirmiş olmaları idi.
İyun ayında Yəmən Prezidenti Əli Abdullah Salehin sarayına edilmiş hücumda o, ağır yaralandı və müalicə üçün Səudiyyə Ərəbistanına getməyə məcbur oldu. Bu müddətdə o, hakimiyyəti öz köməkçisinə həvalə etdi. Yəmənlilər bu dəyişikliyi sevinclə qarşılasalar da, istədikləri həyata keçmədiyi üçün hərəkatı davam etdirdilər. Elə bu zaman Suriyada gərginlik yüksəldi və minlərlə suriyalı Əsədin istibdad rejimindən qaçaraq, Türkiyəyə sığındı. Əsədin beynəlxalq ictimaiyyətin tövsiyələrini və xəbərdarlığını nəzərə almaması gərginliyin daha da yüksəlməsinə səbəb oldu. Əsəd nə Türkiyənin, nə də Ərəb Birliyinin təkliflərini və xəbərdarlıqlarını nəzərə aldı, ölkə sürətlə vətəndaş müharibəsinə doğru irəlilədi. Əsəd rejimi xalqa qarşı ağır silahlardan istifadə etməyə başladı.
Başa çatmaqda olan ilin iyul ayı Avropanın, xüsusilə də, Norveçin yadından heç zaman çıxmaz. Dünyanın ən dinc ölkəsi sayılan Norveçin Oslo şəhərində, Avropanın, bəlkə də, ən qanlı hadisələrindən biri baş verdi. Nazirlər Kabinetinin binasında bombalı terror aksiyası həyata keçirildi, 7 nəfər öldü, 15-i yaralandı. Bu hadisənin ardınca Oslo yaxınlığındakı bir adada yerləşən gənclik düşərgəsinə hücum edən Anders Behrinq Breviq adlı Norveç vətəndaşı 85 nəfəri qətlə yetirdi, 6 nəfər isə hələ də tapılmır. Çox sayda insan bu terror aktından yaralı halda qurtardı. Doğrudur, hadisə çox ağır nəticələndi, ancaq işin ən dəhşətli tərəfi Avropada irqçiliyin getdikcə güclənməsidir. Öz tarixində bu qədər ağır terror hadisəsi görməmiş Avropa və xüsusilə də, irqçiliyi bəsləyən gizli güc mərkəzlərinin öz əməllərini və niyyətlərini ortaya qoyub, ciddi-ciddi düşünmələri lazımdır. Yaşanmış faciəni ört-basdır edərək, öz imicini qorumağa çalışan Norveç, dolayısı ilə də Avropa tarixinin ən qanlı və ən professional qatilinə dəli köynəyi geyindirərək, hadisələrin istiqamətini fərqli məcraya yönləndirməyə çalışır.
Avqust ayında Liviyada müharibə daha şiddətli xarakter aldı və ölkənin paytaxtı Tripoli üsyançıların əlinə keçdi. Bu əməliyyat zamanı Qəddafi ələ keçmədi, amma artıq dünya Muammer Qəddafi dövrünün başa çatdığını qəbul etmişdi.
Sentyabr siyasi və iqtisadi xarakterli hadisələrlə zəngin olmasa da, Liviyadakı qanlı müharibə, Avropa və Amerikadakı iqtisadi böhran getdikcə daha da şiddətləndi. Hətta ABŞ-da iqtisadi böhranın doğurduğu narahatçılıq bir az da “ərəb baharı”ndan bəhrələnərək, sosial partlayış həddinə çatdı. İlk dəfə olaraq, “hər şeyin məsulu” kimi tanınan maliyyə sisteminin memarı Vol Stritə qarşı “Vol Striti ələ keçir!” hərəkat meydana çıxdı və elə ilk andan da dünya ictimaiyyətinin rəğbətini qazandı.
Oktyabr ayında artıq yıxılması qaçılmaz kimi görünən domino daşlarından biri də devrildi: Liviyanı 40 il dəmir yumruqla idarə edən Qəddafi doğma yurdu Sirtədə öldürüldü. Hadisələr başladığı günlərdə onu devirmək istəyən xalqına “lağım siçovulları” deyən Qəddafi ibrətamiz bir sonluqla, neçə günün aclığından sonra yol kənarındakı bir kanalizasiya borusuna sığınarkən, ələ keçirildi və oradaca qətlə yetirildi.
Oktyabrın bizim üçün ən ağrılı və unudulmaz hadisələrindən biri də Van və Ərcişdə baş verən, 600-dən çox insanın ölümü ilə nəticələnən zəlzələ oldu. Türkiyə Qərbi ilə, Şərqi ilə bir yumruq kimi birləşdi. İlk xarici yardım qardaş Azərbaycandan gəldi və bu yardım o bölgədə çox yaralara məlhəm oldu.
Noyabrda İspaniyada və Mərakeşdə seçkilər keçirildi. İqtisadi böhran İspaniyada, “ərəb baharı” isə Mərakeşdə seçkiləri doğuran əsas faktorlar oldu. Noyabrda İtaliyada Berluskoni, Yunanıstanda isə Papandreu AB-nin təzyiqi qarşısında istefa verdilər. İtaliyada Montin, Yunanıstanda isə Papadimos hökumətin başına keçdi. Hər iki lider AB-nin və Beynəlxalq Valyuta Fondunun islahatlarını və şərtlərini yerinə yetirməyə başladılar.
Dekabr ayında Rusiyada parlament seçkiləri keçirildi. Seçkilərə qədər bəzi mərkəzlər Medvedev-Putin cütlüyünün qalib gələcəyini söyləyirdi və elan olunan nəticələr də bu proqnozu təsdiqlədi, ancaq seçkilərin ardınca Moskva, Leninqrad başda olmaqla ölkənin əksər böyük şəhərlərini etiraz dalğaları bürüməyə başladı.
Fransa 1915-ci ildə baş verdiyi iddia edilən erməni soyqırımını qəbul etməməyi suç hesab edən layihəni parlamentdən keçirdi. Heç bir demokratik normaya uyğun gəlməyən bu qərar Fransada yaşayan yarım milyon ermənini sevindirdiyi halda, rəsmi Ankara ilə Paris arasında böyük bir uçurum meydana gətirdi. Fransa Prezidenti Sarkozinin 2012-ci ildə keçiriləcək növbəti prezident seçkisində ermənilərin dəstəyini qazanmağa hesablanmış bu qərar üzümüzə gələn yanvar ayında senatın müzakirəsinə veriləcək. Görünən budur ki, gələn yeni ildə də bir çox sürpriz hadisələrlə qarşılaşmalı olacağıq.
Bu yeni ildə bütün dünyaya əmin-amanlıq, barış və xoş gələcək arzulayıram.
Osman Uçak
|