|
"Deyirdilər ki, "İmpuls" Mütəllibovçu qəzetdir. Amma hansı ki, mən Mütəllibovu həyatda bircə dəfə də görməmişəm"
Müsahibimiz "İmpuls" qəzetinin baş redaktoru Mətanət Əliyevadır.
- Mətanət xanım, yanvarın 7-də “İmpuls” qəzetinin 13 yaşı tamam olur. Qəzetin hazırkı durumundan razısınızmı?
- Yox, razı deyiləm. İstədiyim jurnalisti hələ tapa bilməmişəm. Gəliblər, öyrəniblər, sonra da pul dalınca qaçıblar. Satışımız azdır. İctimai rəyə təsirimiz cüzidir. Ziyanla işləyirik. Bir onu bilirəm ki, son 13 ildə peşəkar olmuşam. İnkişaf ancaq mənim öz yazılarımda, yaradıcılığımda gedib. Başqa heç bir uğur yoxdur.
- Son 13 il yaddaşınızda necə qaldı?
- Son 13 ildə redaksiyamıza 1000-ə yaxın gənc gəlib. Yazmağı bacaranlar da olub, öyrətmişəm onları. Hamısı da gedib, amma heç biri üçün təəssüflənməmişəm. 13 ili yadıma salanda ilk yadıma düşən gəlib-gedənlər olur. “Xaçmaz hərbi komissarlığında rüşvət əməliyyatı” yazımız əks-səda doğurub. Sürət Hüseynovla bağlı əks-səda doğuran yazımız olub. Bir vaxtlar deyirdilər ki, “İmpuls” talışların qəzetidir. Talışlar qəzet buraxanda demişdilər ki, neynirsiz qəzeti, “İmpuls” qəzeti var. Hətta ləzgilərin qəzeti də deyiblər, çünki biz türkçilərin əleyhinə olmuşuq. Deyirdilər ki, “İmpuls” Mütəllibovçu qəzetdir. Amma hansı ki, mən Mütəllibovu həyatda bircə dəfə də görməmişəm. Hərə bir yana yozur. Heç kim başa düşmür ki, biz hansı mövqeyə xidmət edirik. Biz Azərbaycana xidmət edirik.
- Bu vaxta kimi əsas hansı çətinlikləriniz olub və onların öhdəsindən necə gəlmisiniz?
- Ən böyük çətinliyim odur ki, ağıllı adam tapa bilmirəm. 13 ildə bir nəfər öz səviyyəmdə adam tapa bilməmişəm ki, ondan müsahibə alım, o müsahibə mənim xoşuma gəlsin. Heç kim səmimi, millətin marağından danışmır. Hamısı özünü alim kimi göstərir. Hamı özünə sərf edən formada danışır, heç kim xalqı düşünmür. Ona görə müsahibə aldığım adamlardan o qədər zəhləm gedir ki, heç kimdən müsahibə almaq istəmirəm. Ən sevdiyim janr müsahibə janrıdır. Amma müsahibə almağa adam tapmıram. Müsahibə aldığım adamlar hamısı artıq mənim üçün maraqsız olublar.
- Siz həmişə yazılarınızda zəhmət adamlarını yüksək qiymətləndirmisiz. Necə düşünürsüz, 13 ildə zəhmətiniz hədər getməyib?
- Məncə, həyatda heç bir zəhmət itmir. Hər bir zəhmətin bəhrəsi olur. Sadəcə geci-tezi var. Mənim də zəhmətim itməyib. Olur bəzən ki, bir problemi qaldırırıq, həll olunur və bitir. Amma o biri qəzetlər deyirlər ki, “bunu biz etdik”.
- “İmpuls”-un gələcəkdə hansı planları var?
- Nə qədər ki, mən sağam, “İmpuls” çıxacaq. Mən öləndən sonra yəqin ki, qəzet dayanacaq. Hələ ki, məni əvəz edəcək adam yetişdirə bilməmişəm. Çox istərdim ki, qızlarım jurnalist olsunlar, amma heç biri bunu istəmədi. İstəyirəm elə bir jurnalist olsun ki, mən olmayanda da bu qəzet davam etsin. Qocalanda rayona gedəcəm. Onda qəzeti çıxaracaq jurnalist axtarıram. Hələ ki, o jurnalisti tapmamışam. Səmimi adam axtarıram ki, müsahibə alım. Yaltaq adamlara nifrət edirəm. Zəhmətkeş adamları sevirəm. Əgər adam zəhmətkeşdirsə, demək onun mənliyi var. Mən maksimalist adamam, hər şeyi mütləq görmək istəyirəm. 20 ildir mətbuatdayam, çox adamlara inanmışam. Məni ən çox ağrıdan odur ki, inandığım adamların hamısına inamım itdi. Məsələn, Rövşən Cavadovun, Surət Hüseynovun vətənpərvərliyinə, səmimiliyinə çox inanırdım. Fikirləşirdim ki, bütün məqsədləri dövlətə xidmət etməkdir. Amma indi görürəm ki, yanılmışam. Heç kimə inanmıram. Bir nəfər inandığım var, ona da hərdən şübhə edirəm.
Cəfər Talıb
|