Oxucularımızdan biri faktxeber.sual@gmail.com ünvanına prezidentin 15 noyabr 2011-ci il tarixdə imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdə nələrin nəzərdə tutulduğu barədə müraciət edib. Yeni qanunda nəzərdə tutulmuş əlavə və dəyişikliklərin digər oxucularımıza da maraqlı olacağını nəzərə alıb onu təqdim edirik.
Bundan sonra nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması internet vasitəsilə həyata keçirilməyə başlanılacaq. Belə ki, qanunla tələb olunan sənədlər skan edilərək elektron formada Dövlət Yol Polisinin elektron poçt ünvanına göndəriləcək.
İndiyədək nəqliyyat vasitələri ilə bağlı hərəkətlər Gömrük, Notariat, Sərhəd Xidməti və Daxili İşlər orqanlarında həyata keçirilirdi. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi məsələləri “bir pəncərə” prinsipi əsasında həyata keçiriləcək. Özü də nəqliyyat vasitəsinin dövlət qeydiyyatına və uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə onun müayinəsi ayrı-ayrı vaxtlarda deyil, birlikdə fasiləsiz olaraq həyata keçiriləcək. Yeni avtomobil alan şəxs onu dövlət qeydiyyatı və uçotuna keçirən kimi texniki pasport, dövlət nömrə nişanı alacaq və avtomobilini dərhal texniki müayinədən keçirəcək. Bütün bunlar sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sisteminə keçirilməsi ilə mümkün olacaq.
Avtomobillərin texniki müayinəsi hər il həyata keçirilən bir proses olduğundan Dövlət Yol Polisində növbələr yaranırdı. Bu problemin qarşısını almaq məqsədilə nəqliyyat vasitəsinin müayinəsi növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılacaq.
Artıq sürücülər dövlət rüsumunu, vergini və cərimələri bank, poçt, plastik kart və ya İnternet vasitəsi ilə ödəyə biləcəklər.
Ən çox maraq doğuran məsələ qoşa rəqəmli (zerkalnı) nömrələrin alınması prosesinin yüngülləşdirilməsidir. Belə ki, sürücülər rahat bir şəkildə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçə və sifariş edə, həmçinin dövlət rüsumunu ödəyə biləcəklər.
“A1”, “A” və “B” kateqoriyalarına aid nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs bundan sonra sürücülük kursları keçməyəcəklər.
Nicat Xaliqoğlu