|
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından biri, yazıçı-dramaturq Rüstəm İbrahimbəyov “Media forum”un suallarını cavablandırıb.
- “İbrus” teatrının Moskvada baş tutan yubiley tədbirləri necə keçdi?
- Yubiley tədbirləri Moskvada üç mərkəzdə keçirildi. Rusiya Teatr Cəmiyyətində, mənim rəhbərlik etdiyim “İbrus” teatrında və “Modern” teatrında. Əsərləri səhnəyə qoyduq, yubileyi qeyd etdik. Bu festival beş gün çəkdi. Bununla bağlı Rusiya mətbuatında xeyli məqalə dərc olunub. Moskvaya getməmişdən əvvəl Bakıda “On i oni” (“O və onlar”) əsərinin premyerasını keçirmişdik. Ssenari müəllifi və quruluşçu rejissoru olduğum bu tamaşanın Moskvada da premyerasını təşkil etdik. Böyük maraqla qarşılandı. Hər bir tədbirə, elə premyeraya da Moskvanın nüfuzlu şəxsləri-teatrşünaslar, sənətkarlar, ictimai xadimlər gəldi, baxdı.
- Rusiyaya yola düşməzdən əvvəl belə açıqlamanız olmuşdu ki, “İbrus” teatrını Bakıdan Moskvaya köçürürsünüz və bundan sonra orada fəaliyyət göstərəcəksiniz. Niyə Moskvaya köçürürsünüz?
- “İbrus” teatrı Bakıda fəaliyyətini davam etdirəcək. Moskvada da balaca “İbrus” teatrı açmışam. Teatr həm burda, həm də orda fəaliyyət göstərəcək. Əvvəldən də məqsədim bu idi. Sadəcə, bir qədər imkanlar məhdud idi, ona görə ləngimə oldu. Moskvadakı “İbrus”da bir tamaşa oranın aktyorlarının iştirakı ilə səhnəyə qoyulub. Daha bir tamaşa var, istəyirəm onu da Moskvada, amma bu dəfə bizim aktyorlarla moskvalı aktyorların birgə iştirakı ilə səhnəyə çıxaraq. Necə ola bilər ki, “İbrus” burdan getsin? Mən, sadəcə olaraq, teatra sərf etdiyim vaxtın yarısını Moskvadakı, yarısını Bakıdakı teatrıma ayıracam.
- Yəni həmişəki kimi, həm Moskvada, həm də Bakıda fəaliyyət göstərəcəksiniz?
- Mütləq. Mənim Azərbaycandakı işim yalnız kino və teatrla bağlı deyil. Biz Azərbaycanda Ziyalılar Forumunun işinə təzə başlamışıq. Bu forumdakı işim mənim borcumdur və mən onu davam etdirməliyəm. Mən vətəndən hara gedə bilərəm? Mən vətəndaş olaraq öz fəaliyyətimi davam etdirəcəm.
- Siz Bakıda olmayan dövrdə Kinematoqrafçılar İttifaqının I katibi Rasim Balayev bildirdi ki, vəziyyət belə davam etsə, ittifaq fəaliyyətini dayandıracaq. Kinematoqrafçılar İttifaqının hazırkı durumu necədir, təşkilatın əsas problemləri nədir və onların həlli perspektivi varmı?
- Bizim ittifaq çox fəal işləyir. Dekabrın 29-da Ziyalılar Forumunun konfransı keçiriləcək. Mən konfransda ittifaqımızın da üzləşdiyi problemlərin mahiyyətini, bu problemlərin haradan qaynaqlandığını, bütün məsələləri açıqlayacam. Xüsusilə Mədəniyyət və Turizm Nazirliyi, nazir Əbülfəs Qarayev var gücü ilə çalışır ki, bizə işləməyə imkan verməsinlər. Şübhəsiz ki, bunu onlara tapşıran da var. Biz hardansa problemimizi həll etməyə imkan tapanda dərhal bunu pozmağa çalışırlar. Hökumət başqa ittifaqlara, yaradıcı ictimai birliklərə yardım göstərir. Biz hökumətdən yardım, pul istəmirik. Deyirik ki, sizin yardımınız lazım deyil, bizim proqramlarımız var, xahiş edirik onların həyata keçirilməsinə mane olmayın, dəstək verin. Kənd rayonlarında 20 ildir teatr tamaşaları göstərilmir, insanlar kino görmür. Proqram təsdiq etmişik ki, kino xadimləri ildə 10-15 dəfə rayonlara getsin və Azərbaycanda çəkilmiş müasir filmləri göstərsin, tamaşaçılarla görüşsünlər. Bunların hamısını biz özümüz təşkil edirik. Gedib-qayıtmağı, avadanlıqların tapılmasını, daşınmasını, quraşdırılmasını, görüşlərin hazırlanmasını özümüz təşkil edirik. Əslində bunlar nazirliyin işidir, biz onların işini görürük. Bunu özlərinə də deyirik. Sadəcə, bir az yardım göstərmələri lazımdır. Bu yardım da bizə lazım deyil, bu, proqrama lazımdır. Bunu da eləmirlər. Problemlər də burdan yaranır. Rasim Balayevlə müqayisədə mən bu işlərə nikbin baxıram. Məncə, bu çətinliklərin öhdəsindən gələcəyik, problemləri uğurla dəf edəcəyik və hər şey yaxşı olacaq.
- Siz son zamanlar fəal ictimai işlə məşğul olursunuz, ölkədəki problemləri açıq formada deyirsiniz. Kinematoqrafçılar İttifaqına yaradılan problemlər sizin ictimai fəaliyyətinizlə bağlı ola bilərmi?
- Yalnız bununla bağlıdır. Bizim ictimai həyatımız, hökumətin fəaliyyəti başdan-ayağa yalanla doludur, yalan üzərində qurulub. Mən üç-dörd ildir özümə söz vermişəm ki, bu yalanlarda iştirak etməyəcəm. Düzdür, mən siyasətlə məşğul olan adam deyiləm, amma yalan da danışmayacam. Son beş-altı çıxışımda ictimai həyatda, ölkədə olan problemlərdən danışmışam, hökumətin fəaliyyətini tənqid etmişəm, çatışmazlıqları göstərmişəm. Həmin çıxışlarımdan sonra Kinematoqrafçılar İttifaqına hücuma keçməyə başladılar.
- Ziyalılar Forumunun sonuncu tədbirindən ötən müddətdə Rusiyada olmusunuz. Bu dövrdə Ziyalılar Forumu ətrafında ciddi proseslər baş verib, forumun əsas təşəbbüskarlarından olan professor Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılıb. Prosesləri izləyirdinizmi və baş verənləri necə qiymətləndirirsiniz?
- Bütün prosesləri izləyirdim. Ziyalıların üzləşdiyi problemləri hamı gördü. Buna baxmayaraq, Ziyalılar Forumu fəaliyyətini davam etdirəcək. Baş verənlər dəhşətdir. Azərbaycanın dünya səviyyəsində tanınan, barmaqla sayılası iki-üç alimi var. Onlardan biri də Rafiq Əliyevdir. Rafiq Əliyev parlaq, görkəmli bir alimimizdir. Onun işdən çıxarılmasının məsuliyyəti elə hamımızın üzərinə düşür. Biz mütləq bu problemi həll etməliyik. Təzyiqlərə baxmayaraq Ziyalılar Forumu fəaliyyətini davam etdirməkdə qərarlıdır. Əks halda, işə başlamağımızın nə mənası ola bilər? Onsuz da fəaliyyətə başlayanda bilirdik ki, bizə təzyiq də olacaq, hücum da. Bu, açıq-aydındır. Amma bizim məqsədimiz də açıq və aydındır. Biz həkim deyilik, ağrıyıq, bu ölkənin ağrısı. Bu ağrını ifadə etməliyik ki, hamı onu görsün, eşitsin. Bu səsi biz ziyalılar qaldırmalıyıq. Qalan məsələləri isə hökumət kimə tapşırıb, onlar icra etməlidirlər.
Emin Nəsirli
|