Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin ediləcəklər
28-12-2011 / 21:06
FaktXeber.com xəbər verir ki, İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
Bu fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılır:
Komissiyanın sədri:
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Komissiyanın üzvləri:
Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Rafiq Cəlilov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
Rauf Pənahov - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Ramiz Tahirov - Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi
Komissiyaya siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə almaq; hazırlanmış siyahını Maliyyə Nazirliyinə təqdim etmək; görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat vermək, Maliyyə Nazirliyinə isə bu fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.