Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə yeni vəzifə təklif olunub
28-12-2011 / 17:19
FaktXeber.com xəbər verir ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibinə Bakının 8-ci km qəsəbəsində yerləşən “Start” İdman və Əyləncə Kompleksinin direktoru vəzifəsi təklif olunub.
Bundan başqa, qurğunun adının dəyişdiriləcəyi və “Bakı” İdman Kompleksi adlanacağı bildirilir.
E.Məmmədli bu məlumatı təsdiqləyib, hələlik konkret qərar vermədiyini söyləyib: “Hələ təklif üzərində düşünürəm. Çıxış etdiyim cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə ilə də məsləhətləşməliyəm. Bu işin cüdoçu kimi çıxışlarıma necə təsir edəcəyini də ölçüb-biçməliyəm. Yekun qərar yanvarın əvvəllərinədək veriləcək".
Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, 2012-ci il London olimpiadasına 81 kq çəkidə lisenziyanı böyük ölçüdə təmin edib. Hazırda Məmmədli Bakı şəhəri üzrə Yol Patrul Xidmətinə (YPX) baş müfəttiş vəzifəsində də çalışır, polis kapitanıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.