|
“İndi nisbətən azadıq, hava var, boğulmuruq, amma çürümək təhlükəsi də var”
FaktXeber.com-un büdəfəki müsahibi sevilən şair, ssenarist Ramiz Rövşəndir. Onunla müsahibəmiz Azərbaycan ədəbiyyatının və mədəniyyətinin bugünkü durumu ilə bağlıdır.
- Ramiz bəy, siz bu gün Azərbaycanda bütün dövrlərdə öz müasirliyini qoruyan tək-tək şairlərdən birisiniz. Bir çox forumlarda, sizin şerlərinizdən sitatlar gətirilir, müzakirələr aparılır. Bəs görəsən bu qədər sevilməyinizin əsas səbəbi nədədir?
- Görünür, əsas məsələ səmimiyyətdədir. Məşhur rus şairəsi Anna Axmatova deyirdi: «Əsl şer odur ki, onu oxuyanda sənə elə gəlir o şer lap elə sənin dilinin ucundaymış». Yəni, şair sənin bildiyini, amma deyə bilmədiyini yazıb.
Əslində, bu duyğu aldadıcıdır və belə düşünən oxucu bəlkə yüz il yaşasa da, ona doğma və tanış gələn o şeirdəki fikri, hissi ifadə eliyə bilməz. Amma məsələ burasındadır ki, şair əgər şeirlərində daha çox özüdürsə onun şeirlərində özlərini tapan oxucular da daha çox olacaq.
Tolstoy deyirdi ki, ədəbiyyat o cümlədən də poeziya insanları tənhalıqdan xilas edir. Yəni, hissləri şairin hissləri ilə üst-üstə düşən hər bir oxucu onun şeirlərində özünə həmsöhbət tapır. Və bu gün mənim oxucularım varsa, deməli, onlarla həmsöhbət ola bilirəm.
- Azərbaycan ədəbiyyatı tarixində Fizuli şeirlərində hikmət, mistika, sevgi birlikdə qarşılıqlı ifadə olunub. Bu ənənənin Azərbaycan poeziyasında davamı varmı?
- Ümumiyyətlə, bütün dünya sevgi üzərində bərqərardır. Əvvəllər Şərq poeziyasında metafizik düşüncə vardı, sevgi anlayışı geniş məna daşıyırdı. Məhəbbət deyəndə təkcə kişinin qadına olan sevgisindən yox, əslində, İlahi eşqdən söhbət gedirdi.
«Ədəbiyyat həyatın güzgüsüdür» deyirlər. Ədəbiyyat haqqında ən bayağı və ən dəqiq tərif hələ ki, budur. Yəni, istənilən əsər müəllifin həyata münasibətini əks etdirir; insanın insanla, insanın Allahla və insanın özünün özü ilə münasibəti.
Biz Allahı heç bir zaman aldada bilmərik, çünki Allah bizim hərəkətlərimizə yox, niyyətlərimizə qiymət verir. Biz insanı, yəni oxucunu və özümüzü aldada bilərik. Və düşünürəm ki, bu aldatmaların içində ən dəhşətlisi, ən öldürücüsü insanın özünün özünü aldatmasıdır. Təəssüf ki, olduğundan gözəl və ağıllı görünüb oxucunu aldatmaq istəyən, amma əslində özünü aldadan şairlər Füzuli dövründə də olub, sovet vaxtında da vardı, bu gün də var. Materialist düşüncəli, ayıq-sayıq sovet ədəbiyyatı heç vaxt yuxu görməyən adam kimi idi. Bu ədəbiyyatda Allahdan və ölümdən yazmaq yasaq idi. Odur ki, bizim kimi nisbətən metafizik düşüncəli şairlərin çap olunması müşkül məsələydi. Məni həmişə ölümdən çox yazmaqda qınayıblar.
Məhəmməd peyğəmbər deyirdi ki, insan ölmək üçün doğulur.
Doğrudan da, hər bir insanın həyatında çox şey olmaya bilər; hətta ata-ana da, sevgi də, ailə də, övlad da… Amma ən nağd olanı, hər doğulan adamdan tanrının əsirgəmədiyi bircə şey var; ölüm. Ən qısa ömürlü ədəbiyyat Allahsız və ölümsüz ədəbiyyatdır. Ən təhlükəli adamlar isə ölümsüzlüyünə inananlardır. Dünyanın əksər diktatorları məhz belələrindən olur.
- Bu gün Azərbaycan ədəbiyyatında maarifləndirmə və ədəbiyyatın inkişafı üçün güclü tənqid varmı?
- Mahiyyət etibarilə ədəbiyyatın missiyasI maarifləndirmək deyil. Yəni şair müəllim deyil, oxucu da tələbə. Bayaq dediyim kimi, şairlə oxucu əslində həmdərd, həmsöhbətdir. Füzuli deyirdi; dərd çox, həmdərd yox. Füzulinin dərdi doğrudan da çox idi. Amma bu beş yüz ildə Füzuli ilə həmdərd, həmsöhbət olan nəsil-nəsil oxucuların da sayı-hesabı yoxdur.
Allah bu dünyaya bir ahəng, bir nizam verib, xaosdan kosmosu yaradıb. Şerin də mahiyyətində bu var. Fikir verin, nəzm - yəni nizama düzmək. Ruslar şerə «stixotvorenie» deyirlər, yəni stixiyadan, xaosdan nəsə yaratmaq. Bir çox dillərdə, o cümlədən italyan və polyak dilində şeirə «stantsı» deyirlər, yəni saxlamaq mənasında. «Dayanacaq» mənası verən «stansiya» sözü də burdandır. Bir sözlə, şeirin funksiyası dünyanı ahəngə gətirmək, duyğulara nizam verməkdir. Bütün şairlər də bu dünya ahənginin övladlarıdır.
Tənqidə gəlincə isə, düşünürəm ki, tənqid oxucu ilə şair arasında bir keçid nöqtəsidir. Sovet dövründə tənqidə yanlış baxış var idi. Bəziləri düşünürdü ki, tənqidçi şairin müəllimidir, digərləri fikirləşirdi ki, şairin şeirləri barədə qərar verən hakimdir, başqaları isə ona guya şeirlərin xəstə cəhətlərini üzə çıxaran həkim kimi baxırdılar. Amma tənqidçi ən yaxşı halda oxucu üçün bələdçi rolunu oynaya bilər. Elə bilirəm ki, əslinə qalsa bələdçisiz də ötüşmək olar. Ümumiyyətlə, tənqidçi - fərqli oxucudur. O, əsasən zövq almaq üçün yox, qiymət vermək üçün oxuyur. Mənim tənqidə heç bir etirazım yoxdur. Ömür boyu məni o qədər tənqid ediblər ki... Və qəribə orasıdır ki, əvvəl məni nəyə görə pisləyiblərsə, sonra ona görə tərifləyiblər. Qərbdə isə tənqid reklam xarakteri daşıyır. Bu da tənqidin mahiyyətindən uzaqlaşmaqdır. Əslində, tənqidin vəzifəsi tərif və ya təbliğ deyil, təhlil olmalıdır.
- Hazırda Azərbaycan ədəbiyyatını ənənəvi, modernist və postmodernist qanadlara bölmək olarmı?
- Ədəbiyyatı hansısa “izm”lərə bölmək, ayırmaq mexaniki yanaşmadır və hesab edirəm ki, çox da ədəbiyyatın xeyrinə deyil. Yadıma gəlir, 60-cı illərdə mənim baş vurmadığım “izm”lər qalmamışdı və sonda gördüm ki, ən gözəli təbii olmaqdır. Mahiyyət etibarilə ədəbi yaradıcılığın bir yolu var; ibtidai, primitiv sadədən başlayıb mürəkkəbə - yəni həm forma, həm məzmun mürəkkəbliyinə doğru getmək. Sənətkarlığın ən yüksək mərhələsi isə ali sadəlikdir. Yəni ən qəliz, mürəkkəb, ən dərin fəlsəfi fikirləri belə çox sadə ifadə edirsən. Beləliklə, hər bir oxucu orda özünə aid nəsə tapa bilir. Onun tapdığı şairin düşündüyünün tam əksi də ola bilər. Amma oxucu əgər bunu tapıbsa, deməli o şeirdə bu da var.
- Ümumiyyətlə, necə düşünürsünüz, Azərbaycan ədəbiyyatının postmodernizmə ehtiyacı varmı? Çünki bildiyimiz kimi, Qərb artıq bundan imtina eləyib.
- Yox, deməzdim ki, Qərb bundan imtina eləyib. Modernizm elə bil ki, dekonstruksiyadır. Məlum konstruksiyaları söküb, dağıdıb, sonra yenidən qurmaqdır. Burda bir az uşaq dəcəlliyi, cığallığı da var. Uşaq bəzən sökdüyünü təzədən qura bilmədiyi kimi, bunlar da bəzən sökdüklərini təzədən qura bilmirlər. Ya da uşaq kimi, nəsə qəribə, əcaib bir şey qururlar. Amma bununla belə modernizmin dağıdıcılıq gücü çox vaxt ədəbiyyatın xeyrinə işləyir, donmuş, daşlaşmış ehkamları dağıdır, ədəbiyyatın qabıq dəyişməyinə, təzələnməyinə, yeni nəfəs qazanmağına səbəb olur.
Postmodernizm isə bir qədər fərqlidir. İstedadın birinci göstəricisi orijinallıq, bənzərsizlikdir. Postmodernizm isə bundan demək olar ki, imtina eləyib. Burda artıq yazılmış, təsdiqlənmiş, hətta klassikaya çevrilmiş müxtəlif üslublu, hətta bir-birinə əks estetik kriteriyalı əsərlərdən ayrı-ayrı elementləri götürüb, bir-birinə calayıb, mayasına da bir az ironiya, lağlağı qatıb, qarışdırıb ortaya nəsə keyfiyyətcə fərqli bir əsər çıxarmaq cəhdi var. Və bu cəhdin uğurlu nəticələri də az deyil. Amma ümumiyyətlə, postmodernizm ədəbi cərəyandan daha çox həyat tərzidir. Və biz bu gün postmodern dünyada yaşayırıq. Yəni yaradıcıların yox, istifadəçilərin dünyasında. Amma bu da həqiqətdir ki, yaradıcılar olmasa, istifadəçilər ola bilməz. Və bu da təsadüfi deyil ki, nəsrdə, kinoda bəzən maraqlı əsərlər ortaya çıxara bilən postmodernizm poeziyada heç bir ciddi uğur qazana bilməyib. Çünki poeziya hisslərin və duyğuların bakirəliyini sevir.
- Tez-tez belə bir kəlam eşidirik - «qloballaşma», «Qərbə inteqrasiya». Təəssüf ki, bir çox insanlarımız bu məsəlinin mahiyyətini tam anlamayaraq Qərbin ən pis xüsusiyyətlərini mənimsəyirlər, beləliklə də cəmiyyətdə mənəvi aşınmalar baş alıb gedir. Bunun qarşısının alınması üçün nə etmək lazımdır?
- Qazax şairi Muxtar Şaxanov deyir ki, biz Qərbə inteqrasiya elədik, amma kanalizasiyadan. Əlbəttə, Qərbin böyük mədəniyyəti və danılmaz nailiyyətləri var. Amma təəssüf ki, bizdə çoxları baş işlədib o mədəniyyətin mahiyyətinə varmaqdansa, onun zahirən cəlbedici görünən tərəfinə, yüngülünə, asanına, şousuna, əyləncəsinə uyur. Azadlığın qəribə bir xüsusiyyəti var. Biz əvvəl Sovet dönəmində qapalı məkanda yaşayırdıq və hər zaman azadlığa can atırdıq. Qapalı yerdə insan havasızlıqdan boğulur, amma çürümür. İndi isə nisbətən azadıq, hava var, boğulmuruq, amma çürümək təhlükəsi də var. Biz Qərbə və dünyaya açıq olmalıyıq, onların yaxşı nəyi varsa öyrənməliyik və özümüzdə yaxşı nə varsa, onu da qoruyub saxlamağı bacarmalıyıq. Mən nə özümüzə qapanıb qalmağın tərəfdarıyam, nə də dünyaya qarışıb özümüzü itirməyin.
- Ənənəvi poeziya ilə Azərbaycan musiqisi arasında qarşılıqlı münasibətlər mövcuddur. Hətta xalq musiqisi ilə xalq poeziyası arasında əlaqələrin olması danılmazdır. Hazırkı yenilikçi ədəbiyyatla, yenilikçi musiqi arasında bu tarazlıq qorunurmu?
- Ümumiyyətlə, ən yaxşı yeni ən yaxşı unudulmuş köhnədir. Azərbaycanda bu gün daha çox yüngül musiqi janrına üstünlük verilir. Televiziya ekranlarında səhərdən axşamacan çalıb oxuyurlar, amma əslində bu janr hazırda çox ciddi böhran keçirir. Əksər mahnıların musiqiləri oğurluqdur, sözləri də moltanı dilində. Bizim ən böyük fəlakətlərimizdən biri qeyri-peşəkarlıq, diletantlıqdır. Hərf bilməyən adam söz yaza bilməz, amma bu gün notu bilməyənlər musiqi yazır. Sovet dövründə mahnılara senzura var idi. Adam fikirləşirdi ki, senzura olmasa nə gözəl mahnılar yarana bilər. Amma indi senzura yoxdur və bir-birindən zay mahnılar adamın baş-beynini aparır.
- Deməli, güc və potensial baxımından xeyli güclü olan dilimizdən bu gün lazımınca istifadə edilmir?
- Bu bəla təkcə mahnı janrında deyil. Bu gün ana dilimizdə öz doğmaca anasına adicə bir məktub yazmaq qabiliyyəti olmayan adamlar var ki, oturub roman yazırlar və dinəndə də heç kəsi bəyənmirlər. Mənim 65 yaşım var və ömrüm boyu bəlkə də yazmaqdan daha çox oxumaqla məşğul olmuşam. Dünya ədəbiyyatıyla da kifayət qədər tanışam. Amma bütün bu oxuduqlarımdan sonra gözümdə nə Füzulinin, nə Sabirin, nə də sevdiyim başqa Azərbaycan yazıçı və şairlərinin dəyəri azalıb. Bizim dilimizin imkanları hüdudsuzdur. Və bir şair kimi sən bu dilin içərisində özünü ifadə etməyin yollarını axtarırsan. Yəni, əslində öz dilini, ahəngini, intonasiyanı yaradırsan. Təəssüf ki, bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda şeir öz oxucusunu itirməkdədir. Bunun bir səbəbi də, bir çox şairlərin yenilik iddiası ilə eyni, orta, standart şeir dilində yazmasıdır. Onları bir-birindən ayırmaq çox çətindir. Odur ki, qəribə bir ədəbiyyat əmələ gəlib - oxucusuz ədəbiyyat. Özləri yazıb özləri oxuyanların ədəbiyyatı. Bu çox kədərlidir.
- Təbii ki, bu sözü Sizin şeirləriniz haqqında demək olmaz...
- Hər halda mən öz oxucularımın azaldığından gileylənə bilmərəm. Əgər bu gün mənim şeir kitabımı özümdən xəbərsiz, oğurluqca, pirat şəkildə çap eləyib satırlarsa, deməli o şeirlərə tələbat var. Amma məndən ötrü son illərin ən böyük sevinci Arazın o tayında da oxucularımın qat-qat artmasıdır. Mən indi həm bu taylı, həm o taylı oxucular üçün yazdığımı hiss edirəm. Bu çox gözəl hissdir.
Sonda onu da xatırladaq ki, sabah - dekabrın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şairlə oxuculaın görüşü olacaq. Ədəbiyyatı Təbliğ Bürosunun təşkilatçılığı ilə keçiriləcək tədbirdə şairin yaradıcılığından söhbət açılacaq, R.Rövşən yeni şeirlərini oxuyacaq.
Emilya Tağıyeva
|