HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI TƏZYİQLƏRƏ DAİR YEKUN HESABAT AÇIQLANIB
27-12-2011 / 16:30
FaktXeber.com xəbər verir ki, Azərbaycan Insan Hüquqları Müdafiə Mərkəzi (AHMM) 27 dekabrda 2011-ci ildə hüquq müdafiəçilərinin qarşılaşdığı təzyiq faktlarını özündə əks etdirən sənədin təqdimat mərasimini keçirdi. Hüquq müdafiəçilərinin müdafiəsinə həsr olunmuş sənəd Beynəlxalq İnsan Haqları Federasiyası (BİHF) və İşgəncələrə Qarşı Beynəlxalq Təşkilatla (İQBT) tərəfdaş olan AHMM tərəfindən ərsəyə gəlib. Bu artıq 14-cü hesabatdır, hansı ki, 5 dildə hazırlanır və 2010-cu ilin yanvarından 2011-ci ilin aprelinə kimi olan dövrdə hüquq müdafiəçilərinin vəziyyətini əks etdirir. Sənəddə Azərbaycan da daxil olmaqla, 70 ölkədə işgəncələrlə bağlı situasiyanı özündə əks etdirir.
Sənəddə əsasən, Azərbaycanda hüquq müdafiəçilərinə qarşı təzyiqlər, təqiblər əsas araşdırma predmeti olub. O şəxslər ki, onlar seçkilərin, mitinqlərin, aksiyaların, küçə yürüşlərinin monitorinqi ilə məşğul olublar (hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsi). Bundan əlavə, hakimiyyəti tənqid atəşinə tutan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin izlənməsi, onların müxtəlif istiqamətli təzyiqlərlə üzləşmələri də araşdırmalarda ekspertlər tərəfindən diqqət mərkəzində saxlanılıb. Araşdırmalarda hüquq müdafiəçilərinə dövlət məmurları tərəfindən süni yollarla müxtəlif formalarda yaradılan məhdudiyyətlər də yer alıb. Sənəddə həmçinin QHT-lərin dövlət qeydiyyatına alınması prosesində olan problemlər, eləcə də, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlik və filiallarının da qarşılaşdığı problemlər əks olunub. Təşkilat xüsusi narahatlıq hissi ilə qeyd etməyi vacib hesab edir ki, Naxçıvan Muxtar Respublikasında hüquq müdafiəsi işi ilə sadəcə, məşğul olmaq mümkün deyil, bu, insandan qəhrəmanlıq tələb edir. Bölgədə bu sahədə vəziyyət çox ciddidir. Sənəddə eyni zamanda, 2009-cu ilin avqustunda baş vermiş Novruzəli Məmmədovun ölümü və bu işlə bağlı 2010-cu ildə aparılan istintaq prosesinin gedişi ilə də bağlı məlumatlar qeyd olunub.
Təqdimat mərasimi Beynəlxalq İnsan Haqları Federasiyasının (BİHF) vitse-prezidenti və Belarus İnsan Hüquqları Müdafiə Mərkəzinin sədri Ales Belyatskinin simvolik iştirakı ilə keçirildi. Belə ki, sənəd müəllifləri ekspertlərin sırasında sözügedən şəxsin simvolik üst geyimlərinin qoyulduğu boş kreslo qoyulmuşdu. 2011-ci ilin 4 avqustunda həbs olunmuş belarus hüquq müdafiəçisi 4 il 6 ay azadlıqdan məhrum edilib.
Hesabat Avropa Birliyi, Norveç Hökuməti, Finlandiya, Fransa, İsveç, Frankofoniya Beynəlxalq Təşkilatı və Sigrid Rausing Trust təşkilatlarının maliyyə dəstəyi ilə hazırlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.