Avropa Birliyi Nazirlər Şurası Avropa Komissiyasına Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında danışıqlara başlamaq üçün mandat verib. Müvafiq mandat aldıqdan sonra Avropa Komissiyası Azərbaycanla bu məsələ ilə əlaqədar danışıqlara başlaya biləcək. Viza rejiminin sadələşdirilməsi Azərbaycanla viza rejiminin ləğv edilməsini deyil. Belə ki, bu sistem viza almaq üçün zəruri olan sənədlərin və müvafiq rüsumun azaldılmasını, həmçinin tələbələr, idmançılar, jurnalistlər, iş adamları üçün sadələşdirilmiş vizanın verilməsini nəzərdə tutur.
Aİ-nin “Şərq tərəfdaşlığı” proqramına iqtisadi inteqrasiya komissiyasının həmsədri Vüqar Bayramovun FaktXeber.com-a verdiyi məlumata görə, readmissiya haqqında danışıqların aparılması 2012-ci ildə şengen vizalarının alınmasının sadələşdirilməsinə xidmət edəcək: “Rəsmi olaraq başlanılan danışıqlarda əsas mövzu viza almaq üçün zəruri olan sənədlərin və müvafiq rüsumun azaldılmasını, həmçinin tələbələr, idmançılar, jurnalistlər, iş adamları üçün sadələşdirilmiş vizanın verilməsini, sadələşdirilmiş yollarla şengen vizalarının alınmasını təmin etməkdən ibarətdir. Tələbələr, idmançılar, jurnalistlər, iş adamları üçün sadələşdirilmiş vizanın verilməsi dedikdə banklar tərəfindən depozit məbləğlərinin tələb edilməsinin ləğvi nəzərdə tutulur”.
Ekspert danışıqlar çərçivəsində viza haqlarının azaldılmasını gözlənilən hesab edir: “Güman edilir ki, danışıqların nəticəsi olaraq vizalar üçün tələb olunan 60 avro 30 avroya qədər azaldılsın. Bundan əlavə vizaların verilmə müddətlərinin də artırılması gözləniləndir. Hazırda ölkə vətəndaşları maksimum 1 il müddətinə viza almaq imkanına malikdirlər. viza rejiminin sadələşdirilməsindən, eləcə də readmissiya haqqında danışıqlardan sonra bu müddət 3 ilə qədər uzadıla bilər”.
Azərbaycandan viza sadələşdirilməsi ilə bağlı qanunvericiliyin Avropa Birliyi standartlarına uyğunlaşdırılmasının tələb edildiyini vurğulayan mütəxəssis ölkədə hələ də biometrik pasportların tətbiqinin həyata keçirilmədiyini deyir: “Baxmayaraq ki, viza sadələşdirilməsi üçün əsas tələblərdən biri biometrik pasportların tətbiqidir.O baxımdan yaxın zamanlarda Azərbaycanda biometrik pasportların hazırlanmasına başlanacağı gözləniləndir. Biometrik pasportların tətbiqi xarici pasportların dəyişdirilməsinə gətirib çıxara bilər. Bu pasportların səhifələrinin sayı çox olduğundan ölkə vətəndaşlarının ondan daha çox istifadə etmək imkanları olacaq.Belə ki, hazırda xarici pasportlarda müddətin 10 il olmasına baxmayaraq, səhifələrin sayının az olması səbəbindən müddət başa çatmadan pasportlar dəyişdirilir. Biometrik pasportlarda bu halın nəzərə alınması olduqca vacibdir”.
V.Bayramovun sözlərinə görə, 2012-ci ildə viza rejiminin sadələşdirilməsi haqqında anlaşmanın imzalanması gözləniləndir: “Avropa Birliyi Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdən Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında anlaşma imzalamayıb. Avropa Birliyi viza rejiminin sadələşdirilməsi çərçivəsində Avropa vətəndaşlarının Azərbaycana gəliş-gedişini asanlaşdırılması təklifi ilə də çıxış edəcək. Qeyd edim ki, Avropa vətəndaşları Gürcüstan, Ukrayna və Moldovaya vizasız səfərlər edirlər.Azərbaycan da gələcəkdə ya vizasız rejim və yaxud viza sadələşdirilməsi sistemini tətbiq edəcək”.
Leyla Tağızadə