FaktXeber.com-un FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayonu, Böyük Göyüşlü kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanması və çardağının konstruksiyalarının çökmüş halda olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb, evin çardağının konstruksiyaları çöküb, ev sahibi və həyat yoldaşı yanıq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya aparılıb. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin anası - 1927-ci il təvəllüdlü Sayalı Əsəd qızı Kazımova və bacısı - 1965-ci il təvəllüdlü Sevda Heydər qızı Kazımovanın cəsədləri yanğınsöndürənlər tərəfindən uçqun altında aşkar edilib. Cəsədlər yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.