"İslahatların qarşısında ən böyük maneə İlham Əliyevin özüdür"
27-12-2011 / 10:25
Dekabrın 26-da əfvə düşən AXCP üzvü, gənc fəal Cabbar Savalanlı həmin gün axşam azadlığa buraxılıb. O, fevralın 5-də Sumqayıtda tutulmuş, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı onu vicdan məhbusu sayır, dərhal azadlığa buraxılmasını istəyirdi.
Cabbar Savalanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun (bu qurumda Səidə Qocamanlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə təmsil olunur) siyasi məhbus saydığı şəxslərdən idi. Qrup daha 26 şəxsi siyasi məhbus hesab edirdi. 26 dekabr sərəncamı ilə onlardan ikisi - 1995-ci ilin martında baş vermiş XTPD (“OMON”) hadisələrinə görə həbs edilən Nizami Şahmuradov və Mehman Məmmədov da cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
“Azadlıq” radiosuna açıqlama verən Səidə Qocamanlı belə əfvin onda məyusluq yaratdığını deyib: “Bizim monitorinq qrupunun siyahısında 27 siyasi məhbus var. Onlardan yalnız 3-ü əfvə düşüb. Halbuki biz müraciət eləmişdik ki, siyahıdakı məhbuslar azadlığa buraxılsın, bu siyahı, bu mövzu qapansın. Onların əksəriyyəti 2 aprel (İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunanlar) məhbuslarıdır. Əfsuslar ki, belə olmadı”.
AXCP sədri Əli Kərimli də “Azadlıq” radiosuna danışaraq əfv sərəncamının cəmiyyətin gözləntilərini doğrultmadığını vurğulayıb: “Ölkə rəhbərliyi bu sərəncamla siyasi məhbus məsələsini çözə bilərdi. Ombudsman, yerli və beynəlxalq ictimaiyyət istəyirdi ki, vicdan məhbusları azadlığa buraxılsın. Hər kəs istəyirdi ki, ölkədə bu problem həll olunsun. Belə çıxır ki, islahatların qarşısında ən böyük maneə İlham Əliyevin özüdür, məhbusları azad eləmədi, üstəlik, azad olunan gənc məhbusun da yerini dərhal doldurdular. AXCP-nin Naxçıvan şöbəsinin sədrinin qardaşını həbs etdilər. Yəni siyasi məhbus məsələsində pozitiv bir dönüş yoxdur. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti dünyada baş verənləri qiymətləndirib adekvat reaksiya vermək iqtidarında deyil”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.