MTN-də SAXLANILAN RUHANİ, JURNALİST VƏ AİP ÜZVÜNDƏN YENİ XƏBƏR
Ruhani Abgül Süleymanova yeni ittihamlar irəli sürülə bilər
26-12-2011 / 17:20
Vəkil Anar Qasımlı FaktXeber.com-a açıqlamasında bildirib ki, "Ruhani Abgül Süleymanovun həbs qətimkan tədbiri yanvar ayının 10-da bitir. Bakı Şəhər Baş Polis İdarəsində 6 may “Hicaba azadlıq” aksiyasına görə həbs olunanların istintaqı zamanı müəyyən disklər əldə edilib. Həmin disklərdə Abgül Süleymanovun çıxışları yer alıb. Bu çıxışlar ekspertizadan keçirilib və Abgül Süleymanovun hakimiyyət əleyhinə çıxışlar etməsi təsdiqlənib. Hazırda həmin disklərdəki çıxışlar yenidən ekspertizaya göndərilib. Fikrimcə, ona yeni ittihamlar irəli sürülə bilər".
2011-ci ilin avqust ayında həbs olunan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.
Həbsdə olan AİP-in müvəqqəti sədrinin təşkilatı işlər üzrə müavini Arif Qəniyevin Səbayıl rayon məhkəməsində növbəti məhkəmə prosesi keçirilmişdi. Məhkəmə Arif Qəniyevin həbs müddətini 2 ay müddətinə uzatmışdı.
Azərbaycan İslam Partiyası sədrinin müavini Arif Qəniyevin vəkili Anar Qasımlı FaktXeber.com-a bildirib ki, artıq Arif Qəniyevin istintaqı yekunlaşıb. Onun işi prokurorluğa göndərilib. Arif Qəniyevə heç bir əlavə ittiham irəli sürülməyib.
Avqust ayında həbs edilərək Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.
Bundan əlavı həbsdə olan islamazeri.az saytının baş redaktoru Ramin Bayramovun vəkili Ramil Məmmədov isə FaktXeber.com-a açıqlamasında bildirib ki, Səbayıl rayon məhkəməsində keçirilən məhkəmə iclası zamanı jurnalist Ramin Bayramovun istintaq müddəti 2 ay uzadılmışdı. Növbəti məhkəmə prosesi fevral ayının əvvəli keçiriləcək.
Ramin Bayramov Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə şübhəli şəxs qismində bu il avqustun 11-də tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.