Bakı sakini olan Lalə iki qız uşağından sonra, 10 il ərzində 6 dəfə aborta müraciət etməli olub. Səbəb isə ərin oğlan uşağı istəməsi idi. Varisinin olmasını istəyən ata hər dəfə dölün cinsiyyəti müəyyənləşən kimi həyat yoldaşını aborta məcbur edirdi. Maraqlısı budur ki, ailə kifayət qədər imkanlı və ali təhsillidir. Nəticədə isə bu qədər abort və 5-6 aylıq övladlarının artıq süni doğuşla öldürülməsi qadının əsəblərinin pozulması ilə nəticələndi. Olduqca şətin proseslərdən keçən ana nəhayət oğlan uşağına hamilə qaldı. Ancaq səkkiz aylıq doğulan uşaq çox yaşamadı...
Ötən il Azərbaycanda qadınlarda abort hallarının sayı rekord sayda olub
Dövlət Statistika Komitəsindən təqdim edilən statistik göstəricilərə nəzər salsaq, ölkədə 1995-ci ildə abort hallarının sayının çox olduğunu, 2003-cü ilə qədər yavaş-yavaş azaldığını, 2004-cü ildən getdikcə artığını deyə bilərik.
Məsələn, 1995-ci ildə 15-49 yaşda olan hər 1000 nəfər qadına düşən ortalama abort sayı 14, 2 min, 15-49 yaşda olan qadınlara düşən ümumi abort sayı isə 28, 7 mindir.
Sonuncu rəqəm 1996-cı ildə müvafiq olaraq 28, 4 min, 1997-ci ildə 25, 2 min, 1998-ci ildə 24, 9 min, 1999-cu ildə 20, 9 min olaraq göstərilir. Deməli tendensiya getdikcə azalır.
Ancaq bu azalma tendensiyası 2005-ci ildən əksinə inkişaf edir. Məsələn, 2005-ci ildə ölkədə 15-49 yaş arası qadınlarda abort hallarının sayı 19, 6 min idisə, 2006-cı ildə 20, 9 min, 2007-ci ildə 22, 3 min, 2008-ci ildə 25, 3 min, 2009-cu ildə 24, 6 min, 2010-cu ildə 26, 8 min olub.
Statistika komitəsindən həmçinin o da bildirildi ki, abort hallarının sayı daha çox 25-29 yaşlı qadınlar arasında üstünlük təşkil edir.
Azərbaycanda qadınlar hansı hallarda abort etdirirlər?
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, bir müddət əvvəl abortla bağlı kiçik sorğu aparıblar və bunun səbəblərini araşdırmağa çalışıblar. Sorğuya əsasən 35 yaş və ondan yuxarı qadınlar cəlb olunub. Onlar abort etdirmələrini daha çox konspirativ səbəblərlə, yəni təsadüf nəticəsində hamilə qalmaları ilə izah ediblər. Səbəb isə qoruyucu vasitələrdən istifadə etməmələri və ya bu haqda lazımi biliklərinin olmamasıdır. Mətanət Əzizova bildirib ki, bu hal daha çox rayonlarda yaşayan qadınlar arasında müşahidə olunub.
Uşağın cinsiyyəti ilə bağlı aborta gəldikdə isə Mərkəzin sədri bunu daha çox adət-ənənələrlə bağlı olduğunu hesab edir. Yəni böyük əksəriyyət oğlan uşağına varis kimi baxır. Həmçinin oğlun olmaması bir növ qınaq kimi də qəbul olunur, yəni “oğlun yoxdursa, sən kişi deyilsən”. Bir çox hallarda isə abort qadınlar tərəfindən könüllü şəkildə icra olunur ki, bu da psixoloji təsirdir.
Abortun sayının artması Azərbaycanda qız və oğlanların sayında qeyri-mütənasiblik yarada bilər
Bir müddət bundan öncə ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Gender Bərabərliyi komitəsinin sədri Xose Mendes Bota abortların yeni doğulan qız və oğlan uşaqları arasında qeyri - bərabərlik yaratdığı, nəticədə oğlan uşaqlarının sayının qız uşaqlarının sayını ötdüyünə diqqət çəkərək bunun 20 il sonra böyük problemə səbəb olacağını bildirib. Xose Mendes Bota 2011-ci ilin 3 oktyabr tarixli hesabatında qeyd edir ki, gələcək körpənin cinsinin seçilməsini oğlanların sayının qızların sayından artıq olması, yəni 105 oğlan və 100 qızın doğluması sübut edir.
Komitə sədri hesabatında qeyd edir ki, Albaniya, Azərbaycan, Ermənistan və Gürcüstanda doğulan oğlanların sayı (100 qıza 112 oğlan) qızların sayını üstələyir. Onun sözlərinə görə, artıq bəzi ölkələrdə, məsələn, Çində bu problem özünü göstərir. Oğlanlar sadəcə olaraq evlənmək üçün qız tapmır. Eyni problemin 20 - 30 il sonra Azərbaycanda da özünü göstərməyəcəyinə kim zəmanət verə bilər? Əksinə, indiki vəziyyətdə qadınların sayının azalması kimi statistik göstəricilər genefond üçün real təhlükələrdən xəbər verir. 2011 - ci ilin 3 ayı ərzində ölkəmizdə 39 min uşaq dünyaya gəlib. Onlardan 53,8 faizi oğlan, 46.2 faizi qızdır.
Qadına dəyən ziyan
Abort qadın orqanizminə pis təsir göstərən əməliyyatdır. Həkim ekspert Azadə Əliyeva bildirir ki, bu proses zamanı döl təhlükədə olduğunu hiss edir və o qaçıb uşaqlığın bir küncündə gizlənir. Sanki özünü müdafiə etmək istəyir: “Abort zamanı qadının bətnindəki döl xüsusi tibbi alətlərlə qaşınaraq götürülür. Bunun qadın orqanizmi üçün bir sıra ziyanlı tərəfləri var. Birincisi, qadının yenidən ana ola bilməsi risk altına atılır. Belə ki, qadının bətninin qaşınaraq götürülmüş hissəsi sanki açıq yaraya bənzəyir. Bura mikroorqanizmlər və bakteriyalar üçün olduqca əlverişli bir mühitdir. Qadının uşaqlıqyolu abortdan sonra müxtəlif ginekoloji və sonsuzluğa gətirib çıxaracaq xəstəliklərə yoluxa bilər. Qadının bətnindəki döl qaşınaraq götürüldükdə buradakı yumurta hüceyrələr də zədələnir. Bu isə qadının sonradan ana ola bilməsini çətinləşdirə bilər. Bundan başqa qadın yenidən hamilə qalmaq üçün müəyyən reablitasiya dövrü keçməlidir. Qadın həm fiziki, həm də psixoloji cəhətdən bərpa olunmalıdır”.
Bütün bunlarla yanaşı dölün süni şəkildə məhv edilməsi növbəti doğulacaq körpənin anormal, fiziki və əqli qüsuru olmayacağına təminat vermir.
Azərbaycanda kütləvi şəkildə abort hallarının qarşısını necə almaq olar?
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, qurum cinsiyyətə görə abort ahlalrının qarşısını almaq üçün komtiyə müraciət edən qadınlar arasında maarifləndirmə işləri aparır.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova maarifləndirmə ilə bu problemin qarşısının alına biləcəyini deyib. Onun sözlərinə görə, uşaq hüquqları baxımından bu düzgün deyil. Dünyaya gələn qız uşaqlarının sayı azalır. Komitə sədri etiraf edir ki, bu problem var və ən güclü təsir maarifləndirməkdir. Lakin bu əməliyyatın dövlət tərəfindən qadağan edilməsi mümkün deyil, əks halda bu, insan hüquqlarının pozulması hesab olunur.
Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çili, Əfqanıstan, İran, İraq, Yəmən, eləcə də ABŞ-ın bir çox ştatlarında abort tamamilə qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Azərbaycanda belə bir qanun mövcud deyil. Lakin Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır. Parlamentdə də abortun qadağan olunması ilə bağlı təkliflər səslənib.
Azərbaycanda uşağın cinsinə görə abort qadağan oluna bilər
“Abortun qadağan edilməsi bir çox ölkələrdə var, amma bu çox vaxt yaxşı nəticə vermir. Selektiv abort, yəni uşağın cinsinə görə abort var. Biz bunun qarşısını almaq və ya məhdudlaşdırmaqdan ötrü qanunda belə bir müddəanın olmasını nəzərdən keçiririk. Qanun layihəsi hazırdır, biz bunu yaz sessiyasında nəzərdən keçirməyi planlaşdırırıq. Yəni uşağın cinsinin təyin edilməsi məqsədi ilə USM müayinəsinin aparılması qadağan edilsin. Amma qalan abortlarla bizim işimiz yoxdur”,- deyə Milli Məclisin sosial - siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Burada mövcud ola biləcək rüşvətxorluq hallarının mümkün ola biləcəyini istisna etməyən Musa Quliyev əlavə etdi ki, bunu zaman göstərəcək: "Təbii ki, buna nəzarət olacaq. Bundan başqa, insanlar arasında maariflənmə işləri getməlidir. Bir müddəa ilə iş bitməyəcək. Amma müəyyən addımlar atılmalıdır, çünki Azərbaycanda demoqrafik göstəricilər dəyişməyə başlayıb. Oğlanların sayı qızların sayını üstələyir. Artıq bir neçə ildən sonra biz ciddi problemlə üzləşə bilərik. Xaricdə də uşağın cinsinin yoxlanılması qadağandır, lakin istisna hallarda, məsələn, genetik xəstəliklər olduğu təqdirdə buna icazə verilir”.
Səhiyyə Nazirliyi abort hallarının sayının azalması üçün hansı işləri görür
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, Azərbaycanda abort hallarının sayı azalıb: “Əvvəllki illərlə müqayisədə abortların sayı azalıb. Bununla bağlı doğum evləri və qadın məsləhətxanalarında Nazirliyin tapşırıqlarına əsasən məsləhətləşmələr həyata keçirilir”.
Nazirlikdən bu istiqamətdə aparılan işlərlə bağlı bildirildi ki, doğum evlərinin hər birində reproduktiv kabinetlər var. Doğum şöbələrində də sanitar-profilaktik işlər aparılır. Orada həkimlər arzuolunmaz hamiləliyin qarşısını konspirativ yollarla alınması istiqamətində məsləhətlər verirlər.
Din nə deyir?
Dölün süni şəkildə abort olunması İslamda da qadağan olunur. İlahiyyatçı İsmayıl Əhmədov bildirir ki, ana bətnindən uşaq o halda götürülə bilər ki, o, ananın sağlamlığı üçün təhülkə yaratsın: “Uşaq ana bətnində ölə bilər və ya ana üçün hər hansı bir təhlükə yarada bilər. Başqa heç bir halda uşaq götürülə bilməz, bu haramdır”.
Dünyada qəbul edilmiş qaydalara görə isə sosial göstəricilərə görə hamiləliyin dayandırılması üzrə əməliyyat 22 həftədə həyata keçirilir. Bu zaman hamiləliyin dayandırılması üçün 13 səbəb göstərilməlidir: qadının həyat yoldaşının ölümü, xəstəliyi, işsizlik, valideyn hüquqlarından məhrum edilmə və ya bu hüquqların məhdudlaşdırılması haqqında məhkəmənin qərarının mövcudluğu, zorlama nəticəsində hamiləliyin baş verməsi, qadının azadlıqdan məhrum olması, qadının həyat yoldaşının I-II qrup əlil olması və ya hamiləlik dönəmində həyat yoldaşının vəfat etməsi.
Tibbi göstəricilərə görə isə ananın və ya dölün həyatı üçün təhlükə yarada biləcək ağır xəstəlik zamanı abort hamiləlik dönəminin müddətindən asılı olmayaraq həyata keçirilir. Hətta belə hal mövcud olduqda belə, qadın ərizə yazır və bu ərizəni tibbi komissiya nəzərdən keçirir. ans