|
Müsahibimiz “Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin təsisçisi, defektoloq - loqoped Esmira Kazımovadır.
- Esmira xanım, ilk öncə ictmai birliyiniz haqqında oxucularımıza məlumat verin.
- İctimai Birliyimiz 2011-ci ildə Heydər Əliyev Fondunun köməkliyi ilə qeydiyyata alınıb. Maarifləndirmə işi ilə məşğuluq, qrup məşğələləri də keçiririk.
- Azərbaycanda autizm diaqnozu neçə yaşdan sonra uşaqlara qoyulur?
- Bizdə çox gec qoyulur, 4-5 yaş arası. Xarici ölkələrdə 1-2 yaş arası qoymaq olur. Bizdə çox gec olur, hətta 7-8 yaşa qədər gəlib çıxır.
- Niyə?
- Bizdə maarifləndirmə zəifdir. Məlumatların azlığına görə, vətəndaşların xəbəri olmur. Dünyada artıq 15 ilə yaxındır ki, məlumat var, bizdə isə 3 ilə yaxındır. Son vaxtlarda bir az maarifləndirmə işi artıb.
- Bəzi valideynlər bildirirlər ki, Azərbaycanda bu sindromun yayılması keyfiyyətsiz, daha doğrusu Hindistanistehsalı olan peyvəndlərlə və ya bu peyvəndlərin vurulma qaydasıyla bağlıdır. Bu nə dərəcədə doğrudur?
- Azərbaycana Ukraynadan peyvəndlər gətirilir. Oradan gətirilən “Akades” peyvəndindən sonra uşaqlarda dəyişiklik olub. Belə fakt olmuşdu ki, “Akades” peyvəndi vurulandan sonra uşaq nitqini itirib, sonra diqqətdən yayındı, özünə qapanmağa başladı. Düzdür, autizmin yaranma səbəbi bilinmir, amma bu tam özünü göstərməyib. Bilirsiniz, peyvəndlər mütləq olmalıdır, çünki o olmasa müəyyən çatışmazlıqlar olur. Peyvənd olunmalıdır. Həmişə neqativ hallar olmur. Qızlara nisbətən oğlanlarda 4 dəfə artıq autizm halları olur.
- Bu peyvəndlər haqqında Azərbaycanda haradan dəqiq məlumat almaq olar?
- Ancaq sahə həkimlərindən.
- Onların məlumatı varmı?
- Əslində sahə həkimlərinin autizm haqqında heç bir məlumatı yoxdur. 30 ilin sahə həkimi məndən soruşur ki, autizm nədir?! Amma elə sahə həkimi var ki, uşaqda autizmin əlamətlərini hiss edən kimi birinci bizə müraciət edir. Çünki ruhi dispanserin adı bir az ağırdır, valideyn istəmir, ona görə bizim yanımıza göndərirlər.
- Azərbaycanda təxminən nə qədər autizm xəstəsi var?
- Təxminən 1500-ə yaxın.
- Bu hansı yaş dövrlərini əhatə edir?
- Autizm üçün yaş fərq etməz. 8-9 aylıq uşaqda da hiss etmək olur. Uşağı çağırırsan, sənə baxmır, əşyanı verirsən, əşyaya baxmır.
- Valideynlər nə etməlidirlər ki, uşaqlarını bu bəladan qoruya bilsinlər?
- Autizmin yaranma səbəbi olmadığına görə, onun dərmanla da müalicəsi yoxdur. Ondan necə qurtulmaq olarsa, o da bilinmir. Bu uşaqlar özlərinə qapanırlar. Valideynlərdən xahiş edirəm ki, uşaqlarında autizm əlamətləri görsələr, birinci uşağı televiziyadan uzaq tutsunlar, ikincisi də bağçaya qoysunlar.
- Azərbaycanda hələ Sovet dövründə olan kimi autizmi psixi xəstəliklərə aid edib, onu psixotrop dərmanlarla müalicə edirlər. Amma inkişaf etmiş ölkələrdə bu artıq sosial xəstəlik kimi qəbul olunub. Əsasən də ağır metal zəhərlənməsi və orqanizmdə ferment çatışmazlığı kimi qəbul olunur və müalicə olunur. Buna münasibətiniz necədir?
- Bu psixioloji problemdir, nevroloji problem kimi götürmürük. Psixotrop dərman vermək olmaz uşaqlara. Çünki ona söz demək istəyirsiz, o öz-özünə gülür. O dərmanlar uşağı hallandırır. Yaxud da yuxusu gəlir. Valideynlərdən xahiş edirik ki, o dərmanları uşaqlara məşğələdən sonra versinlər. Valideynlər uşaqlarına görə narahat olub onlara psixotrop dərmanlar verirlər, amma bu dərmanlar onların uşaqlarına daha çox ziyan verir.
- Bir vaxtlar bu xəstəliklə bağlı araşdırma hazırlamışdım. Bir xeyli dərmanların adını öyrənə bilmişdim. Lakin o dərmanların heç biri Azərbaycanda yoxdur. Valideynlər sifarişlə İsraildən alırlar. Niyə dərmanlar Azərbaycanda yoxdur? Həm də niyə Səhiyyə Nazirliyi bu xəstəliyə laqeyd yanaşır?
- O dərmanlar xüsusi dietlər üçündür. Bəzi autizmli uşaqlarda ağır metallar çox olur. Ona görə uşaqları dietdə saxlamaq üçün o dərmanlardan istifadə olunur. O dərmanları isə internet vasitəsilə ABŞ və İsraildən sifariş edirlər. Bu valideynlərin bəlasıdır, çünki bizdə o dərmanlar yoxdur. Hal-hazırda ən böyük problem odur ki, autizm haqqında təlimatda heç nə yoxdur. Autizm sindromu olan uşaq heç vaxt buna görə sosial pensiya ala bilməz. O uşaqların heç biri məktəbə yazıla bilməzlər, nə də pensiya ala bilməzlər. Biz bununla bağlı müraciətlər etmişik, müsbət cavab ala bilməmişik.
- Siz bir İctimai Birlik olaraq bu istiqamətdə hansı işləri görürsünüz?
- Ombusdmana, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktublar göndərmişik. “Autizm” qəzeti çap edirik. Hələ ki, səsimizə səs verən yoxdur.
Cəfər Talıb
|