|
Müsahibimiz hərbi jurnalist Üzeyir Cəfərlidir:
Üzeyir bəy, sizin hansı illərdə harada xidmət etmisiniz?
- Xidmətə 1980-ci ildə başlamışam. Ukrayna Ali Hərbi Siyasi Məktəbin hərbi-siyasi jurnalistika fakultəsini bitirmişəm. Ondan sonra müxtəlif şəhərlərdə xidmət etmişəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra Müdafiə Nazirliyinin ilk mətbu orqanı olan o vaxtkı “Xalq ordusu”, indiki “Azərbaycan ordusu” qəzetinin baş redaktoru olmuşam. Ondan sonra Füzuli döyüş briqadasında briqada komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, daha sonra isə Sumqayıt yaxınlığındakı Təlim Bazasında komandirin təlim-tərbiyə işləri üzrə müavini işləmişəm. Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin baş zabiti vəzifəsində xidmət keçmişəm. Həmin vəzifədən də 2004-cü ildə ehtiyata buraxılmışam.
- Sizi xidmət etdityiniz vaxtlarda da orduda bit problemi var idi?
- Füzuli döyüş briqadasında xidmət illərim 90-cı illərin əvvələrinə təsadüf edib. Həmin dövrdə xeyli problemlər var idi. Əsgərlərin təminat-təchizat məsələsi qaydasında deyildi. O da ona görə idi ki, döyüş gedirdi, lazımı formada əsgərlərə qayğı göstərmək mümkün deyildi. Atəşkəs elan olunandan sonra hərbi hissələr rahat nəfəs almağa başladılar. Sözsüz ki, həmin ərəfələrdə bit problemi vardı. Bit elə bir şeydir ki, natəmizlik olan yerlərdə olur. Həmin dövrlərdə də stasionar şərait olmadığına görə, əsgər toz-torpağın içində, səngər şəraitində yaşadığına görə bir var idi. Biz onunla mübarizə aparmaq üçün DDA maşınından istifadə edirdik. O maşınla əsgərlərin geyimlərini, yataqlarını dezinfeksiya edirdik. Bütün dünya ölkələrinin ordularında bu üsuldan istifadə olunur. Hansı hərbi hissədə ki, təmizlik üçün lazım olan şərait yoxdur, orada bit olub, olacaq da. Tək Azərbaycana aid deyil, Ermənistan, Rusiya ordusunda da bu problem var. Komandirlər lazım olan şəraiti yarada bilmirlərsə, bu problem olacaq. Hansı hərbi hissədə ki, bu problem var, orada komandirlər öz işlərinə səhlənkar yanaşırlar. Nə olsun ki, Murovdağda, Naxçıvanın ən sıldırımlı yerlərində xidmət edirlər, müdafiəyə milyonlarla pul ayrılır, orada da lazımi şəraiti qurmaq olar.
- Milli orduda bit probleminin olmağını haradasa başa düşmək olar. Bəs digər hərbi hissələrdə, məsələn paytaxtın yüksək təminatlı, şəraitli hərbi hissələrində bu problem varmı?
- Desək ki, yoxdur, bizə gülərlər. Var desək də bizin qınayarlar ki, əlimizdə fakt yoxdur. Bilirsiniz, bu məsələdə ciddi ictimai nəzarət olmalıdır.
- Bit problemini həll edə bilməyən Azərbaycan ordusu Qarabağ problemini necə həll edəcək?
- Ordunun yaxşısı da, pisi də bizimdir. Bu işdə ordu yox, ordu rəhbərliyi günahkardır. Sizin müqayisənizi düzgün hesab etmirəm. Bu gün Azərbaycanda kifayət qədər şəxsi heyət var. Kifayət qədər imkanımız var ki, torpağımızı azad edək. Torpaqlarımızın azad edilməməsi əsgərlərin günahı deyil. Əsgərlər əmrə tabe insanlardır. Siyasilər məsələləri həll edə bilmirsə, əsgərləri günahlandırmaq düzgün deyil. Ordumuz Qarabağı heç bir silahsız da işğaldan azad edə bilər. Əgər Ermənistanın arxasında Rusiya dayanmasa. Rusiya həm Azərbaycana özünü dost kimi göstərir, həm də düşməni silahlandırır. Siyasi oyunların nəticəsidir ki, Qarabağ bu gün də işğal altındadır.
Cəfər Talıb
|